Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) və Mediasiya Şurası əməkdaşlıq edəcək.
"Kredit götürməkdə çətinliklər sahibkarlardan qaynaqlanır"
AMFA-dan FED.az-a bildirilib ki, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Mərkəzi Bank və Mediasiya Şurasının səlahiyyətli nümayəndələri arasında görüş keçirilib. Görüşdə Mərkəzi Bankın İstehlakçılarla iş departamentinin maliyyə xidmətlərinin istehlakçılarının hüquqlarının müdafiəsi şöbəsinin rəhbəri Murad Məmmədov, Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov və AMFA-nın Müşahidə Şurasının sədri Cəlal Əliyev və sədr müavini Süleyman Kələşov mikro və kiçik sahibkarlarla bank olmayan kredit təşkilatları arasında yaranmış mübahisələrin qısa zamanda səmərəli və effektiv həllində mediasiyanın potential və imkanlarını qeyd ediblər.
Müzakirə zamanı bank olmayan kredit təşkilatlarının müştərilərinin mübahisəli keyslərin məhkəmədənkənar mediatorun (vasitəçinin) köməyi ilə həll edilməsinin üstünlükləri, eyni zamanda, maliyyə xidmətlərinin istehlakçıları ilə bağlı mediasiya işlərində ən çox rast gəlinən çətinliklər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb və qarşılıqlı əməkdaşlığa xidmət edən təkliflər səsləndirilib.
Görüşün nəticəsi olaraq AMFA və Mediasiya Şurası arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandumun hazırlanması qərara alınıb. Əməkdaşlıq çərçivəsində Mediasiya Şurası tərəfindən BOKT-lərin rəhbər heyəti üçün mediasiyanın fayda və üstünlükləri, AMFA tərəfindən mediatorlara mikromaliyyə təşkilatların kreditləri üzrə səciyyəvi cəhətlərinə dair seminar və təlimlərin həyata keçirilməsi planlaşdırılıb.