Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) cəbhədəki vəziyyət və Qarabağdakı hərbi əməliyyatlarla əlaqədar olaraq ölkənin mikro kredit təşkilatlarına müraciət edib.
FED.az xəbər verir ki, müraciətdə AMFA onları bəzi müştərilərə güzəşt etməyə və əhalinin həssas təbəqələrinə dəstək verməyə çağırıb.
Sıralarında Azərbaycanın çoxsaylı mikromaliyyə qurumlarını – bir sıra bank və bank olmayan kredit təşkilatlarını birləşdirən AMFA bildirir ki, erməni tərəfinin çoxsaylı təxribətlarının qarşısını almaq, vətəndaşların təhlükəsizliyini qorumaq və işğal altındakı torpaqlarını azad etmək üçün Azərbaycan Ordusu sentyabrın 27-də əks-hücum əməliyyatlarına başlayıb. Bununla əlaqədar olaraq Azərbaycan Prezidenti ilham Əliyev ölkədə Hərbi vəziyyət elan edilməsi haqqında Fərman imzalayıb və onun icrası üçün tədbirlərin həyata keçirilməsinə başlanılıb.
AMFA bildirir ki, Azərbaycan Mikromaliyyə Assosiasiyasına daxil olan müraciətlərdə mikromaliyyə təşkilatları ölkə Prezidenti Ali Baş Komandan İlham Əliyevin, ordumuzun, qəhrəman əsgərlərimizin yanında olduqlarını bəyan edir, onlara dəstək olmaq istədiklərini bildirirlər.
AMFA-nın İdarə Heyəti mikromaliyyə təşkilatlarından daxil olan müraciətləri nəzərə alaraq üzv təşkilatlarına Hərbi vəziyyətin elan edilməsi ilə bağlı bəzi tövsiyyələr verib.
AMFA kredit təşkilatlarına Silahlı Qüvvələrə Yardım Fonduna vəsaitin köçürülməsini və döyüş bölgəsindən təxliyyə edilmiş mülki şəxslərə humanitar yardımın edilməsini tövsiyə edib.
Bundan başqa AMFA öz üzvlərinə tövsiyə edib ki, şəhid olmuş borcluların və ailə üzvü şəhid olmuş borcluların kredit borcları bağlansın. Bundan başqa, kredit təşkilatlarına tövsiyə edilib ki, hərbi əməliyyatlarda iştirak edən hərbi vəzifəlilərin (hərbi strukturlarda çalışan, hərbi xidmətdə olan, qismən səfərbərlik nəticəsində cəlb olunan), yaşayış yerindən təxliyyə edilmiş borcluların kreditləri üzrə faiz hesablanmasının dayandırılması və kredit ödənişləri təxirə salınsın.
"İnanırıq ki, rəşadətli Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə işğal olunmuş torpaqları azad edəcək və Azərbaycanın ərazi bütövlüyü tezliklə bərpa olunacaq"-deyə təşkilatın açıqlamasında bildirilir.