Yanvarın 25-də Bakı Fond Birjasında (BFB) “MET-AK”MMC-nin 2 milyon manatlıq faizli, sənədsiz, adlı, təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
FED.az Birjaya istinadən xəbər verir ki, istiqrazların nominal dəyəri və hərrac qiyməti 1000 manat, tədavül müddəti 365 gündür. "MET-AK" qiymətli kağızları üçün 14% gəlirlilik vəd edir. Faiz gəlirlərinin ödənişi hər 3 aydan bir həyata keçiriləcək. İstiqrazların anderrayteri AzFinans İŞ QSC-dir.
Qeyd eədk ki, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq.
Emissiya prospektinə əsasən, tələb təklifdən çox olduğu halda eyni qiymətlə təqdim edilən sifarişlər mütənasib qaydada təmin ediləcək. Əlavə olaraq, İstiqrazların Emitent tərəfindən qanunvericiliyin tələblərinə uyğun şəkildə, istiqrazları ilkin yerləşdirmədə əldə etmiş investorlar tərəfindən 6 aydan sonra geri satın alınması imkanı nəzərdə tutulub.
Metak istiqrazlarının emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilib. Həmin qiymətli kağızlar BFB-nin Listinq Məsləhət Proqramı çərçivəsində listinqə alınıb.
BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.