Azərbaycan Mərkəzi Bankı (AMB) 1 800-ə yaxın namizəd arasından seçilən 33 təcrübəçinin 2 ay boyunca davam edən təcrübə proqramı başa çatıb.
FED.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, “hashtagMaliyyəçisən” təcrübə proqramının məzun günü münasibətilə keçirilən tədbirdə təcrübəçilərə təşkilatın inkişafına verdikləri töhfəyə görə təşəkkür edərək onlara gələcək karyeralarında uğurlar arzulanıb.
Tədbir zamanı təcrübəçilər daha öncədən komandalara bölünərək hazırlamış olduqları layihələri münsiflərin diqqətinə çatdırıblar. Mərkəzi Bankın rəhbər heyətinin təmsil olunduğu münsiflər heyəti ən uğurlu layihəni qiymətləndirərək komandanı mükafatlandırıblar.
Məzun günü təcrübəçilər üçün daha bir məqamla yadda qalıb. Belə ki, Mərkəzi Bankın sədri Taleh Kazımov tədbirə qatılaraq iştirakçılara ən səmimi arzularını çatdırıb. Sədr təcrübəçiləri maraqlandıran sualları da cavabsız qoymayıb. O, öz təcrübəsindən ən maraqlı xatirələri bölüşərək gəncləri çağırışlardan çəkinməməyə, daha cəsarətli olmağa və peşəkar inkişafa önəm verərək inamla irəliləməyə səsləyib.
AMB mərkəzdən başlayan addımın təcrübəçiləri karyera yolunda yeni üfüqlərə doğru aparacağına inanır, onlara müvəffəqiyyət arzulayır!