Fevralın 17-dən etibarən üçüncü "Yüksəliş" müsabiqəsinin qeydiyyat mərhələsinə start verilib.
FED.az xəbər verir ki, Mərkəzi Bankın sədri Taleh Kazımov gəncləri və peşəkar kadrları “Yüksəliş” müsabiqəsində iştirak etməyə səsləyib.
“XXI əsr sürətli inkişaf və mürəkkəb çağırışlar dövrüdür. Sözsüz ki, daim dəyişən müasir dövrün tələbləri iş mühitinin təbiətinə də təsir göstərir. Ona görə maliyyə sektorunun sabitliyi və dayanıqlı inkişafının təmin edilməsində dərin bilik və bacarıqlara sahib, müasir çağırışlara adekvat cavab verən və proseslərin inkişaf tempi ilə ayaqlaşan liderlərə ehtiyac duyulmaqdadır. Bu baxımdan “Yüksəliş” müsabiqəsi ölkəmizdə həyata keçirilən yeni nəsil intutisional islahatlarda mühim rol oynayır. Müsabiqənin hər mərhələsi inkişaf üçün faydalıdır. Yarımfinalçılar idarəçi rəhbərlərlə görüşmək və fikir mübadiləsi aparmaq, finalçılar şəxsi inkişaf planları əldə etmək, qaliblər isə ölkənin idarəçi rəhbərləri ilə mentorluq proqramı çərçivəsində peşəkarlarla işləmək imkanı əldə edirlər. Müsabiqənin meyarlarına cavab verən və özünə inanan hər kəsi müsabiqədə iştirak etməyə və bu unikal imkanlardan istifadə etməyə səsləyirəm”, – deyə Taleh Kazımov çıxışında qeyd edib.
Qeyd edək ki, Taleh Kazımov “Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində müsabiqənin idarəçi rəhbərlərindən biridir.
“Yüksəliş” müsabiqəsinə qeydiyyat martın 31-dək davam edəcək. 21–51 yaş arasında olan, ali təhsilli, ən azı 2 il idarəçilik təcrübəsinə malik Azərbaycan Respublikasının vətəndaşları qeydiyyatdan keçərək müsabiqədə iştirak edə bilərlər.
Qeydiyyat “Yüksəliş” müsabiqəsinin saytı vasitiləsilə həyata keçirilir.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 iyul tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər tərəfindən 1 illik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.
Qeyd edək ki, növbəti, sayca 3-cü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2022-ci il 20 dekabr tarixində Sərəncam imzalanıb.