Oktyabrın 25-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində Mərkəzi Bankın nümayəndələri ilə görüş keçirilib.
Eləcə də bax: Taleh Kazımov: "AMB inflyasiya artımının qarşısını almaq üçün addımlar atır"
FED.az xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Mərkəzi Bankın sədri Taleh Kazımov ölkəmizdəki makroiqtisadi göstəricilərdən danışıb.
Bildirib ki, Azərbaycanda son doqquz ayın makroiqtisadi nəticələrinə əsasən, Ümumi Daxili Məhsul (ÜDM) 98 milyarda çataraq 5,6 faiz real artım göstərib. Qeyri-neft sektorunda bu göstərici 10,1 faizdir. O, bildirib ki, ölkəmizin xarici ticarəti 19,2 milyard ABŞ dolları olub. Valyuta ehtiyatında 3,5 faiz artım var. Mərkəzi Bankın ehtiyatları isə 8,4 faiz artaraq, 7,7 milyard dollara çatıb.
Çıxışında iqtisadi göstəriciləri təhlil edən Taleh Kazımov inflyasiyanın artımının səbəblərinə toxunub, Mərkəzi Bankın bu istiqamətdə atdığı addımlardan danışıb.
Görüşdə komitə sədrinin müavini Əli Məsimli, deputatlar Vüqar Bayramov, Rüfət Quliyev, Ziyad Səmədzadə, Mahir Abbaszadə, Aydın Hüseynov, İqbal Məmmədov, Məzahir Əfəndiyev çıxış edərək ölkəmizin maliyyə dayanıqlığının artırılması, pul kredit siyasəti, infylasiya, bank kredit faizləri və qarşıda duran digər məsələlərlə bağlı fikirlərini bildiriblər, suallarını və təkliflərini səsləndiriblər.
Daha sonra Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Kazımov deputatların qaldırdıqları məsələlərə aydınlıq gətirib, onların səsləndirdikləri sualları cavablandırıb.
Tədbirdə deputatlar Elnur Allahverdiyev, Anar Məmmədov, Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov, Mərkəzi Bank sədrinin birinci müavini Rəşad Orucov və digər rəsmi şəxslər iştirak ediblər. (Apa)