FED.az xəbər verir ki, bank sektorunda likvidliyin daha effektiv tənzimlənməsi və likvidliyin təmərküzləşməsi səviyyəsinin azaldılması məqsədilə Mərkəzi Bank tərəfindən məcburi ehtiyat normaları üzrə yeni diferensiasiya meyarları müəyyənləşmişdir.
Azərbaycanda bank rəhbərlərinin qohumları da araşdırılacaq - MƏRKƏZİ BANKDAN YENİ QAYDALAR
Qeyd edilib ki, aparılmış təhlil və simulyasiyaların nəticələri nəzərə alınmaqla məcburi ehtiyat normaları milli valyutada hüquqi şəxslərin depozitlərinin ümumi məbləğinin bir milyard manatı, xarici valyutada hüquqi şəxslərin depozitlərinin isə ümumi məbləğinin yeddi yüz əlli milyon manat ekvivalentini üstələməsindən əlavə əlaqəli depozitlərin və banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə payından asılı olaraq diferensiallaşdırılmışdır. Bununla bağlı Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 1 noyabr 2023-cü il tarixli 53/1 nömrəli qərarı ilə “Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası”nda dəyişikliklər edilmişdir. Qaydalara dəyişikliklərin tam mətni Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsi (www.cbar.az) və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Hüquqi Aktların Vahid Elektron Bazasının internet səhifəsində (https://e-qanun.az/framework/55583) yerləşdirilmişdir.
İdarə Heyətinin 1 noyabr 2023-cü il tarixli 53/1 nömrəli qərarı ilə yeni diferensiallaşdırma meyarlarına uyğun olaraq məcburi ehtiyat normaları Cədvəl 1-də olduğu kimi müəyyən edilmişdir.
Qəbul edilmiş qərara uyğun olaraq 2023-cü ilin noyabr ayından başlayaraq bütün banklar məcburi ehtiyatları yeni normalara uyğun olaraq hesablamalı və 2023-cü ilin dekabr ayının 15-dən etibarən təmin etməlidirlər. Yeni normalar tətbiq edilənədək banklar məcburi ehtiyatları mövcud normalara uyğun olaraq saxlamalıdırlar.