Azərbaycan Mərkəzi Bankı avtomobillərin icbari sığortası qaydalarına edilən dəyişikliklərlə bağlı açıqlama yayıb.
FEDö.az xəbər verir ki, ölokənin sığopta sektoruna nəzarət edən qurum bu sahədə həm sığorta haqlarının hesablanmasındakı yeniliyə, həm də qəza baş verəndə, ödənişlərin edilməsi qaydasındakı yeniliyə aydınlıq gətirib.
Eləcə də bax: TƏCİLİ: Azərbaycanda avtomobillərin icbari sığorta - HAQLARI DƏYİŞDİ – YENİ QAYDA – DETALLAR
AMB xatırladıb ki, avtomobillərin icbari sığortasını (rəsmi adı - Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS)) tənzimləyən qanunvericilik sənədləri (həm zərərlərin tənzimlənməsi, həm də sığorta haqqının hesablanması) 2011-ci ildə qəbul edilmiş İcbari Sığortalar haqqında Qanunla tənzimlənir.
Başqa sözlə, hazırda bu sahə 11 il əvvəlki qaydalarla tənzimlənib, baxmayaraq ki, bu sahədə ciddi dəyişikliklər baş verib. AMB bildirir ki, «Qanun qəbul edilkdən sonra ölkədə AVSMMİS sahəsində elektronlaşma tədbirləri həyata keçirilmiş, sığorta şəhadətnamələrinin elektron qaydada əldə edilməsi, bu sahədə sığortalanmaya dövlət nəzarətinin həyata keçirilməsi elektron mexanizmlərlə təmin edilmişdir».
Qeyd edək ki, hazırda avtomobillərin icbari sığortası böyük zərərli sığort növlərindən sayılır. 2021-ci ildə avtomobillərin icbari sığortası üzrə 99,6 milyon manat vəsait yığılıb, 74,1 milyon manat ödənilib: «Ölkədə təqribən 1,4 milyon avtonəqliyyat vasitələrinin istifadəçilərinin üçüncü şəxslər qarşısında olan məsuliyyətləri sığorta təminatına alınmışdır. Bu sığorta sinfi üzrə 2021-ci il ərzində baş vermiş 69 min sığorta hadisəsi nəticəsində şəxslərin əmlakına və səhhətinə dəyən zərərlər üzrə 74 mln. manat həcmində sığorta təzminatı sığorta şirkətləri tərəfindən şəxslərə ödənilmişdir»-deyə AMB-nin açıqlamasında bildirilir.
Mərkəzi Bank digər sahələrdə olduğu kimi AVSMMİS sahəsində də uğurlu beynəlxalq təcrübələrdən faydalanaraq istehlakçılara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, istehlakçıların hüquqlarının müdafiəsi və nəticə etibarilə sığortaya inamın gücləndirilməsi məqsədilə islahat təbirlərini davam etdirir.
Bu çərçivədə Mərkəzi Bankın İdarə Heyəti tərəfindən “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə (zərərlərin birbaşa tənzimlənməsi) dair Qayda” və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası” təsdiq edilmişdir.
Zərərlərin birbaşa tənzimlənməsi üzrə hazırlanmış qaydalar iki nəqliyyat vasitəsinin toqquşması ilə nəticələnən yol-nəqliyyatı hadisəsi baş verdiyi zaman zərərçəkənin AVSMMİS müqaviləsi bağladığı sığortaçıya birbaşa müraciət edərək sığorta ödənişini almasını və zərərçəkənin sığortaçısının öz sığortalısına həyata keçirdiyi sığorta ödənişinin zərərvuran tərəfin sığortaçısından subroqasiya formasında alınması qaydasını müəyyən edir. Bu qaydalar hər bir sığortaçının öz müştərisinə birbaşa xidmət göstərməsini təmin etməklə AVSMMİS növü üzrə sığortaçı sığortalı münasibətlərinə yeni yanaşma müəyyən edir. Bu xidmət keyfiyyətinin yüksəldilməsi ilə nəticələnəcəkdir.
Eyni zamanda, AVSMMİS sahəsində islahatlar çərçivəsində qabaqcıl beynəlxalq təcrübələrə uyğun olaraq sığorta haqqı məbləğlərinin hesablanması üzrə qaydalara da dəyişikliklər edilmişdir. Dəyişikliyə əsasən avtonəqliyyat vasitəsinin istismarı zamanı üçüncü şəxslərin əmlakına və səhhətinə zərər vurma ehtimalları nəzərə alınaraq risk amilləri üzrə əmsallar – sürücünün yaşı və sürücülük təcrübəsinə, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxslərin sayına, nəqliyyat vasitəsinin idarə edildiyi bölgənin yol-nəqliyyat intensivliyinə, nəqliyyat vasitəsinin istismar müddətinə görə də əmsallar müəyyən olunur.
Həmçinin müvafiq qaydalarda müəyyən olunmuş bonus-malus sisteminə (sığortalının hadisə törədib törətməməsindən asılı olaraq tariflərdə tətbiq edilən güzəşt və ya əlavələr) də dəyişikliklər edilmiş və onun real vaxt rejimində tətbiqi nəzərdə tutulmuşdur. Tətbiq edilən yeni bonus-malus sistemi nəqliyyat vasitəsi sahiblərinin avtomobillərini idarə etdikləri zaman şəxslərin əmlakına və səhhətinə zərər vurmamaları məqsədilə daha məsuliyyətli olmağa təşviq edir.
«Nəzərdə tutulan dəyişikliklər nəqliyyat vasitələri sürücülərinin sürücülük məsuliyyətinin artırılmasına və sığorta şirkətlərinin istehlakçılara daha yaxşı xidmət göstərmələrini motivasiya etməklə AVSMMİS sahəsində mövcud problemlərin aradan qalxmasına, sığortaya ictimai inamın artmasına, bütövlükdə sığorta bazarının inkişafına xidmət edəcək»-deyə AMB bildirir.