Azərbaycan Mərkəzi Bankı iki elektron pul təşkilatı - “Greentek Group” və “Paysis” MMC barədə rəsmi açıqlama yayıb.
FED.az biznes və maliyy xəbərləri portalı xəbər verir ki, sözügedən qurumların yol verdiyi pozuntulara görə, AMB-nin qərarı ilə hər iki şirkətin lisenziyası ləğv edilib, şirkətlər və onların vəzifəli şəxsləri isə cərimələnib.
AMB-nin məlumatında deyilir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 12.11.2025 – 25.12.2025-ci il tarixlərində “Greentek Group” MMC-də həyata keçirilən yerində yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması faktlarını aşkarlayıb.
AMB bununla əlaqədar olaraq “Greentek Group” MMC İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2, 598.1.6-cı və 598.4-cü maddələrinə əsasən hüquqi şəxs olaraq 50 000 manat, təşkilatın vəzifəli şəxsi isə 10 000 manat məbləğində cərimə edib.
Eyni zamanda Mərkəzi Bankın İdarə Heyətinin 13 may 2026-cı il tarixli, 22 nömrəli protokolu ilə “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 54.1.1-ci maddəsinə əsasən Təşkilata 18 sentyabr 2024-cü il tarixli, EPT-013 nömrəli elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən lisenziya ləğv edilib.
Bundan başqa, Mərkəzi Bankın 07.10.2025 – 03.11.2025-ci il tarixlərində “Paysis” MMC-də həyata keçirdiyi yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması faktları aşkar edilib. Nəticədə “Paysis” MMC İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2 və 598.1.6-cı maddələrinə əsasən hüquqi şəxs olaraq 50 000 manat, təşkilatın vəzifəli şəxsi isə 10 000 manat cərimə edilib.
Mərkəzi Bankın İdarə Heyətinin 01 iyun 2026-cı il tarixli qərarı ilə “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 54.1.1-ci maddəsinə əsasən Təşkilata 11 iyul 2024-cü il tarixli EPT-007 nömrəli elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən lisenziya ləğv edilib.













