Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti yanında Sahibkarlarla Əməkdaşlıq Şurasının cari ilin onlayn formatda növbəti iclası keçirilib.
Eləcə də bax: Təcili: Mərkəzi Bank uçot dərəcəsini endirdi
Bu barədə FED.az-a AMB-dən bildirilib.
Məlumata görə, iclasda Şurada təmsil olunan Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Banklar Assosiasiyası, sahibkarlar və bank sektorunun nümayəndələri, eləcə də Şuraya üzv olmayan digər nümayəndələr iştirak edib. İclasa həmçinin Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədri Tahir Mirkişili, Bank Tədris Mərkəzinin direktoru Cavanşir Abdullayev qatılıb.
Şuranın bu iclası pandemiya şəraitində sahibkarların üzləşdiyi çətinliklər və bu vəziyyətdən çıxışla bağlı bank sektoru ilə əməkdaşlıq istiqamətlərinin müzakirəsinə həsr olunub.
AMB-nin sədri Elman Rüstəmov iclası açaraq qeyd edib ki, Şuranın ötən dövrdəki fəaliyyəti göstərir ki, bank sektoru ilə biznes arasında aktiv dialoqun qurulması sahibkarların üzləşdiyi çətinliklərin müəyyən olunmasında və həlli yollarının tapılmasında, maliyyə xidmətlərinə çıxışın yaxşılaşdırılması üzrə görülən işlərin qiymətləndirilməsində və yeni ehtiyacların müəyyən olunmasında çox səmərəli əməkdaşlıq platformasına çevrilib.
Şuranın ötən iclaslarında qaldırılmış məsələlərin bir qismi icra edilib, işlərin digər qismi icra prosesindədir, bəzi məsələlərin həlli istiqamətlərində isə müzakirələr gedir. Sahibkarlara dəstək olaraq görülmüş işlər sırasında xüsusi olaraq sahibkarların idxal əməliyyatları üzrə cari valyuta rejiminin effektivliyinin artırılması məqsədilə müvafiq Qaydalara edilmiş dəyişikliklərin əhəmiyyəti qeyd edilib. Həmçinin ticarət əməliyyatlarında çeklərlə hesablaşmaların aparılması təcrübəsinin ölkəyə gətirilməsi istiqamətində də aktiv iş başlayıb. Bu mexanizmin tətbiqi biznes hesablaşmalarının şəffaflaşmasına, ticarət əməliyyatlarının aparılmasında tərəfdaşların günlük likvidlik zərurətinin azalmasına, çeki təminat qismində təqdim etməklə bankdan əlavə resurs cəlb edilməsi imkanının yaranmasına, həmçinin ölkədə nağd pul dövriyyəsinin azalmasına şərait yaradacaq. Bunlarla yanaşı, biznes sektorunda gedən proseslər AMB-də dərindən təhlil olunur, sektorun problematikasının davamlı monitorinqi aparılır. Ümumilikdə Şurada qaldırılan digər məsələlərin həlli istiqamətlərində də fəal iş aparılır.
E.Rüstəmov gündəlik üzrə müzakirələrə keçmədən öncə iclas iştirakçılarına ölkə başçısının birbaşa rəhbərliyi altında koronavirus pandemiyası və beynəlxalq enerji bazarlarında neft qiymətlərinin kəskin düşməsi şəraitində dünya iqtisadiyyatının üzləşdiyi ağır böhranın milli iqtisadiyyata təsirlərinin azaldılması və əhalinin sağlamlığının qorunması, onun iqtisadi fəallığının təmin olunması üzrə görülən ardıcıl işlərdən, həyata keçirilən təxirəsalınmaz tədbirlərdən, bu istiqamətdə maliyyə sektoru qarşısında qoyulan vəzifələrdən danışıb. O, bildirib ki, ölkədə makroiqtisadi vəziyyət və sosial-iqtisadi inkişafla bağlı iqtisadi tənzimləmə institutları və maliyyə sektoru qarşısında qoyulan vəzifələr daim diqqət mərkəzində saxlanılır. Pandemiyanın neqativ təsirlərinə baxmayaraq ölkədə makroiqtisadi və maliyyə sabitliyi qorunur. İnflyasiya məqbul səviyyədədir, milli valyutanın məzənnəsi sabitdir. Yaradılmış makroiqtisadi sabitlik platforması kontrtsiklik monetar siyasət həyata keçirməyə imkan vermişdir. Bu siyasəti yürüdərkən AMB makroiqtisadi və maliyyə sabitliyini qorumaqla iqtisadi aktivlik və məşğulluğu dəstəkləməyə çalışır.
Sədr sahibkarlara pandemiya şəraitində dəstəyin artırılması istiqamətində AMB-nin banklara, bankların isə öz növbəsində sahibkarlara göstərdiyi köməyi qeyd edərək bildirib ki, ilin əvvəlindən bank sektoruna bir neçə istiqamətdə təxminən 1 milyard manat məbləğində likvidlik dəstəyi verilib. Ölkə başçısının tapşırıqlarının icrası istiqamətində görülən işlər nəticəsində bu dövrdə biznes kreditləri və ipoteka kreditləri artıb, istehlak kreditləri isə azalıb. İlin əvvəlindən ixrac fəaliyyəti ilə məşğul olan sahibkarlara verilən kreditlər üzrə requlyativ tələblər yumşaldılıb, istehlak kreditləşdirilməsinin daraldılması məqsədilə requlyativ tələblər sərtləşdirilib. Problemli bankların sektordan kənarlaşdırılması həyata keçirilib və həmin banklar üzrə əhalinin əmanətləri qaytarılıb. Pandemiyanın mənfi təsirlərinin minimallaşdırılması məqsədilə bir sıra prudensial normativlər yumşaldılıb, kapital buferlərinin artırılması və pandemiyadan təsirlənən iqtisadi subyektlərin kreditlərinin restrukturizasiyası ilə bağlı tövsiyyələr verilib. Bu günə qədər 49 min borcalanın 886 milyon manat krediti restrukturizasiya edilib. Kredit portfelinin restrukturizasiyası AMB-nin requlyativ yumşaltma tədbirləri ilə yanaşı, bankların öz təşəbbüsü ilə də aktiv şəkildə aparılıb. Özünüməşğulluq proqramı çərçivəsində AMB-nin təşviqi ilə banklar tərəfindən həssas əhali qrupuna müxtəlif aktivlər təqdim edilib. Kənd yerlərində maliyyə resurslarına çıxışın artırılması məqsədilə AMB əlaqədar qurumlarla birgə layihəyə başlanıb
E.Rüstəmov giriş nitqindən sonra iclas iştirakçılarını gündəlikdə duran məsələnin müzakirəsinə dəvət edib. Pandemiya şəraitində sahibkarların üzləşdiyi çətinliklər və bu vəziyyətdən çıxışla bağlı bank sektoru ilə əməkdaşlıq istiqamətləri mövzusu üzrə müzakirələr başlayıb
Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev çıxış edərək Şura çərçivəsində bank sektoru ilə sahibkarlar arasında qurulan dialoqun verdiyi praktiki faydasından danışıb və qeyd edib ki, ölkədə iqtisadi idarəetmənin səmərəliliyinin daha da artırılması məqsədilə yaradılmış İqtisadi Şura özəl sektorun inkişafında, sahibkarların üzləşdiyi çətinliklərin həllində də böyük rol oynayacaq: "Ona görə də biz apardığımız müzakirələr nəticəsində aktuallıq kəsb edən məsələlərin həmin Şuranın müzakirəsinə çıxarılması üçün fəal iş aparmalıyıq. Sonra o, çıxışında bir sıra məsələlərin həllinə, xüsusilə sahibkarların dövriyyə kapitalının çatışmaqzlığının həlli, bu məsələdə çeklərlə hesablaşmalardan aktiv istifadə, bağlanmış banklarda sahibkarların qalan vəsaitlərinin qaytarılması, nağdsız hesablaşmalarda qarşıya çıxan problemlərin tənzimlənməsi, məhkəmələrdə çoxsaylı mübahisələrə baxılmasının sürətləndirilməsi, qanunvericiliklə bağlı bir sıra dəyişikliklərin aparılması kimi istiqamətlərə diqqət çəkdi. Eyni zamanda təklif etdi ki, ortaya çıxan problemləri prioritetləşdirək və növbəti iclasları konkret məsələlərin müzakirəsinə həsr edək".
T.Mirkişili isə çıxış edərək bank sektoru ilə özəl sektor arasında dialoqun aparılmasında ortaya çıxan problemlərin qarşılıqlı əməkdaşlıqla tənzimlənməsində Şuranın fəaliyyətini yüksək qiymətləndirib və iclas iştirakçılarının nəzərinə çatdırıb ki, rəhbərlik etdiyi Komitə qanunvericiliklə bağlı ortaya çıxan məsələlərin həllinə dəstək verməyə hazırdır: "Hazırda Prezidentin tapşırığına əsasən iqtisadi qanunvericiliyin geniş təhlili aparılır, müasir tələblərə cavab verməyən, biznesin inkişafına mane olan müddəaların dəyişdirilməsi, bütövlükdə yeni çağırışlara cavab verən iqtisadi-hüquqi bazanın yaradılması üzrə aktiv iş aparılır. Bu işdə sizi də aktiv əməkdaşlığa dəvət edirəm və nəzərinizə çatdırıram ki, Prezident, Hökumət və Milli Məclis daim vicdanlı, sağlam biznes nümayəndələrinin yanındadır".
Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev öz çıxışında biznes sektorunun bir istiqaməti kimi bankların cari fəaliyyətində mövcud şəraitdən irəli gələn çətinlikləri qeyd edərək AMB tərəfindən bank sektoru üzrə requlyativ-nəzarət çərçivəsində dəyişiklikləri, müvafiq dəstəkləyici tədbirlərin tətbiqini yüksək qiymətləndirib. Bildirdi ki, xüsusilə pandemiyadan daha çox ziyan görən sahələrə maliyyə dəstəyi və müvafiq güzəşt mexanizmlərinin tətbiqi daha vacib olsa da eyni zamanda banklar həmin biznes subyektlərinin əlavə risklərini üzərlərinə götürməyə çətinlik çəkirlər. O, həmçinin banklarda müvafiq requlyativ yumşaldılma tədbirlərinin müddətinin uzadılması imkanlarına baxılmasının da məqsədəuyğunluğunu diqqətə çatdırıb.
Azərbaycan Bank Tədris Mərkəzinin direktoru Cavanşir Abdullayev çıxışında maliyyə-bank sektoru ilə sahibkarlar arasında mühüm əməkdaşlıq platforması kimi Şuranın xüsusilə pandemiya şəritində biznesə zəruri dəstəyin göstərilməsi baxımından əhəmiyyətini qeyd edib. O, sahibkarlar arasında keçirdikləri müntəzəm təhlili sorğular barədə məlumat verərək bildirib ki, mövcud iqtisadi şəraitdə ödəniş qabiliyyətli biznes subyektlərinin sayı azalmaqdadır. Bir çox hallarda onların biznes planları bankları qane edəcək keyfiyyətdə hazırlanmır. Dövlətin biznesə dəstək fondlarının ayrı-ayrılıqda mühüm əhəmiyyətini qeyd etməklə yanaşı mövcud şəraitdə onların fəaliyyətinin konsolidasiyası imkanlarına baxılmasının vacibliyini diqqətə çatdırdı. Onu da bildirdi ki, beynəlxalq praktikada, xüsusən Türkiyə və Malayziya təcrübələrində də rast gəlindiyi kimi banklar tərəfindən biznesə dəstəkdə daha çox dövlətin zəmanət mexanizmlərindən istifadəyə üstünlük verilməsi məqəsəduyğundur.
Bundan sonra tanınmış iş adamı Abdolbari Gözəl və digər iştirakçılar çıxış edərək daxili bazar üzrə yerli istehsal sahələrinin inkişafının təşviq edilməsi, xüsusən pandemiyadan daha çox ziyan görən sahələrdə bank sektoru qarşısında kredit öhdəliklərilə bağlı güzəştlərin davam etdirilməsi, dövriyyə vəsaitlərinin çatışmazlığını həll etmək üçün yeni kreditlərin ayrılması, valyuta rejiminin təkmilləşdirilməsi üzrə əlavə tədbirlərin görülməsi, çeklə hesablaşmaların tətbiq imkanlarının tezliklə reallaşdırılması, mikrokreditləşmə mexanizmləri üzrə tələblərin sadələşdirilməsi, biznesin kreditləşməsinin aktivləşməsi üçün zəmanət mexanizmlərindən daha geniş istifadə edilməsi və digər məsələləri diqqətə çatdırıblar.
Müzakirələrin nəticələrini ümumiləşdirərək E.Rüstəmov görüşün çox faydalı olduğunu qeyd edib və bildirib ki, iclasda müzakirə olunan məsələlər və irəli sürülən təkliflərin hərtərərfli öyrənilməsi, həmin istiqamətlər üzrə birgə işlərin aparılması davam etdiriləcək.
O, sonda diqqətə çatdırıb ki, İqtisadi Şurada da biznes nümayəndələrinin iştirakı ilə nəzərdə tutulan görüşlərin keçirilməsi, orada sahibkarlar tərəfindən qaldırılan aktual məsələlərin müzakirəsi onların üzləşdiyi çəitliklərin həlli yollarının tapılmasına kömək edəcək, bütövlükdə həm real sektorda, həm də maliyyə sistemində biznes subyektlərinin fəaliyyətinə mühüm dəstək olacaq.