Əsas hədəf qruplarından biri kimi media institutları ilə peşəkar əməkdaşlığın gücləndirilməsi, jurnalistlərin makroiqtisadiyyat və maliyyə sistemi, xüsusən mərkəzi bankçılıq sahəsində biliklərinin artırılması məsələləri Mərkəzi Bank tərəfindən daim diqqət mərkəzində saxlanılır. Pul və maliyyə sabitliyi siyasətinin geniş ictimaiyyət tərəfindən aydın başa düşülməsi, siyasət mesajlarının ictimaiyyətə düzgün ötürülməsi, bank-maliyyə fəaliyyətinin mediada geniş işıqlandırılması, bununla da ölkədə həyata keçirilən iqtisadi islahatların cəmiyyət tərəfindən aydın qavranılması, nəticə etibarilə ictimaiyyətdə düzgün iqtisadi gözləntilərin formalaşdırılması baxımından media institutları ilə sıx əməkdaşlıq, onların maliyyə biliklərinin təkmilləşdirilməsi istiqamətində görülən işlər mühüm əhəmiyyət kəsb edir.
FED.az xəbər verir ki, Mərkəzi Bank tərəfindən bu xüsusda media nümayəndələri üçün ənənəvi olaraq mərkəzi bankçılıq, maliyyə-bank sisteminə dair bilik və bacarıqların təkmilləşdirilməsi mövzularında təlimlər, həmçinin “Açıq qapı” tədbirləri təşkil olunur.
Bu prosesin davamı olaraq 5-6 oktyabr tarixlərində Mərkəzi Bank, Milli Depozit Mərkəzi və Bakı Fond Birjasının birgə təşkilatçılığı ilə media nümayəndələri üçün növbəti təlim təşkil olunmuşdur.
Təlimlərdə Mərkəzi Bankın tətbiq etdiyi prudensial tənzimləmə çərçivəsi, kapital bazarlarının üstünlükləri, həmçinin Milli Depozit Mərkəzinin fəaliyyət istiqamətlərinə dair mövzularda təqdimatlar keçirilmişdir.
Təlim zamanı jurnalistləri maraqlandıran suallar cavablandırılmışdır.
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilmişdir.