22 iyul 2025-ci il tarixində Azərbaycan Mərkəzi Bankında ekspertlərlə növbəti geniş tərkibli görüş keçirilib. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov özünün LinkedIn profilində paylaşım edib.
Mərkəzi Bank emissiya prospektləri ilə bağlı təlimatlar hazırlayıb
FED.az xəbər verir ki, üç saatdan artıq davam edən görüşdə ölkənin iqtisadi gündəliyində yer alan bir sıra mühüm məsələlər ətrafında əhatəli və məzmunlu müzakirələr aparılıb. Əsas diqqət pul siyasəti, tədiyə balansı, rəqəmsal texnologiyaların inkişafı, eləcə də maliyyə sektorunda müşahidə olunan cari tendensiyalar və perspektiv planlara yönəlib.
Tədbir zamanı Mərkəzi Bank tərəfindən hazırlanmış yeni maliyyə aləti – “hedcinq” mexanizmi təqdim olunub və onun iqtisadiyyata mümkün töhfələri barədə iştirakçılara ətraflı məlumat verilib. Həmin alətin risklərin idarə olunmasında və makroiqtisadi sabitliyin möhkəmləndirilməsində önəmli rol oynayacağı vurğulanıb.
Taleh Kazımov görüşdə iştirak edən bütün ekspertlərə təşəkkürünü bildirərək, bu cür mütəmadi dialoqların davam etdiriləcəyini qeyd edib. Onun sözlərinə görə, ekspertlərlə açıq fikir mübadiləsi ictimai rəyin düzgün formalaşdırılmasına və Mərkəzi Bankın qərarlarının daha şəffaf şəkildə çatdırılmasına xidmət edir.