Regionların bank kreditlərinə çıxış imkanları məhdud olaraq qalmaqdadır. Mərkəzi Bankın statistikasına görə, 14 milyard 204 milyon manatlıq kredit qoyuluşunun 11 milyard 482 milyon manatı Bakının payına düşür. Bu o deməkdir ki, kredit portfelinin 80 faizdən çoxu paytaxtda təklif olunur. Deməli, banklar hər 100 manat kreditdən yalnız 20 manatını Bakıdan kənarda yaşayan vətəndaşlarımıza və sahibkarlara təqdim edir.
Eləcə də bax: Vüqar Bayramov Nazirlər Kabinetinə - Müraciət Etdi
FED.az xəbər verir ki, millət vəkili Vüqar Bayramov bu disproporsianallığın səbəblərini açıqlayıb. Onun sözlərinə görə, əsas səbəb regionlarda fəaliyyət göstərən sahibkarların girov təqdim etmək imkanlarının məhdud olması və paytaxt ilə region arasında rəsmi əmək haqqı məbləğində 2 dəfəyə yaxın fərqin olmasıdır. V.Bayramov bunu həm də bankların regionlarda kredit təklif etməkdə maraqlı olmamaları ilə izah edib: "Təəssüf ki, bankların əksəriyyəti regionda daha çox kredit təklif etməkdə maraqlı görsənmirlər".
Vəziyyətdən çıxış yolu olaraq millət vəkili təklif edir ki, regionlarda fəaliyyət göstərən sahibkarların kreditlərə çıxış imkanlarının genişləndirilməsi üçün Mərkəzi Bank tərəfindən yeni girov mexanizmi hazırlansın. Eyni zamanda bir sıra kreditlər, xüsusən də ipoteka kreditləri üçün differensial dərəcələr müəyyənləşdirilsin. Məsələn, regionlarda sosial və adi ipoteka kreditlərində daha aşağı faiz dərəcələrinin tətbiqi imkanları var. Bunlar regionlarda yaşayan vətəndaşlarımızın kreditlərə çıxış imkanlarını artıra bilər. (Mediapost)