Mərkəzi Bank 2021-ci il ərzində valyuta aktivlərinin idarə edilməsindən 7,2 milyon ABŞ dolları məbləğində gəlir əldə edilmişdir.
Eləcə də bax: Mərkəzi Bank valyuta aktivlərinin idarə edilməsindən gəlirini - AÇIQLADI
FED.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın hesabatında bildirilir.
Qeyd edilib ki, valyuta ehtiyatlarının idarə edilməsi baxımından 2021-ci il mərkəzi banklar üçün mürəkkəb dövr olmuşdur. Belə ki, qlobal maliyyə bazarlarında ABŞ dolları, avro və İngiltərə funt sterlinqi üzrə sabit gəlirli və aşağı riskli xarici qiymətli kağızlar üzrə indekslərin demək olar ki, bütün seqmentləri üzrə mənfi gəlirlilik müşahidə edilmişdir. Buna səbəb ilin əvvəlində sıfıra yaxın və ya mənfi səviyyələrdə olan bazar faiz dərəcələrinin inflyasiya gözləntiləri fonunda ilin əvvəlinə nəzərən kəskin artmasıdır. Bununla belə, Mərkəzi Bankın valyuta ehtiyatlarının idarə edilməsində müddəti 1 ildən aşağı olan pul bazarı alətlərinə üstünlük verilməsi və xarici maliyyə bazarlarındakı vəziyyətdən asılı olaraq atılan taktiki addımlar illik müsbət faiz gəlirliliyinin əldə edilməsinə və müvafiq bençmarklarla müqayisədə nisbi gəlirliliyin yüksək olmasına imkan vermişdir. Hesabat ili ərzində valyuta aktivlərinin idarə edilməsindən 7,2 milyon ABŞ dolları məbləğində gəlir əldə edilmişdir.
Hesabatda qeyd edilib ki, Mərkəzi Bankın valyuta ehtiyatlarının qəbul edilmiş mövcud strateji struktur çərçivəsində konservativ idarə edilməsi 2021-ci ildə də davam etdirilmişdir. İl ərzində valyuta ehtiyatları bilavasitə Mərkəzi Bankın pul siyasətinin dəstəklənməsinə xidmət edən əməliyyat tranşı və gəlirin artırılması məqsədilə saxlanılan investisiya tranşına bölünməklə idarə edilmişdir. İnvestisiya tranşının tərkibində xroniki mənfi faiz dərəcələri ilə səciyyələnən avronun xüsusi çəkisinin son illərdə əhəmiyyətli azaldılmasının həm idarəetmənin nəticələrinə, həm də ABŞ dollarına qarşı məzənnə itkisinin azaldılmasına müsbət təsirləri olmuşdur.
Bütövlükdə hesabat dövrünün sonuna rəsmi valyuta ehtiyatlarının 82%-ni ABŞ dolları, 7%-ni avro, 1%-ni İngiltərə funt sterlinqi və 10%-ni isə SDR (Beynəlxalq Valyuta Fondunun (BVF) xüsusi borclanma hüquqları) təşkil etmişdir.
Mərkəzi Bankın valyuta ehtiyatlarının idarə edilməsinin səmərəliliyinin və effektivliyinin artırılması istiqamətində alət və coğrafi şaxələnmənin genişləndirilməsi və beynəlxalq indeks tipli bençmarkların tətbiqi davam etdirilmişdir. Bu məqsədlə Mərkəzi Bankın valyuta ehtiyatları xarici ölkələrin likvid və yüksək kredit reytinqli dövlət, kvazi-dövlət və korporativ borc öhdəliklərinə investisiya edilməklə idarə edilmişdir. 2021-ci ildə Mərkəzi Bank valyuta ehtiyatlarının idarə edilməsində daxili idarəetmə ilə yanaşı xarici menecerlərlə əməkdaşlığı davam etdirmişdir. Xarici idarəetmənin təkmilləşdirilməsi və qabaqcıl xarici təcrübənin daxili idarəetməyə ötürülməsi istiqamətində tədbirlər görülmüşdür.
2021-ci il ərzində Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 705.6 milyon ABŞ dolları və ya 11.1% artaraq 7,1 milyard ABŞ dolları təşkil etmişdir. Artımın əsas mənbəyini kvotaya 14 uyğun BVF-nin SDR bölgüsü çərçivəsində Azərbaycanın SDR limitinin 532.5 milyon ABŞ dolları ekvivalentində artırılması təşkil edir.