Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının müdafiəsi ilə bağlı görülən mütəmadi tədbirlərin davamı olaraq Qubada vətəndaşların səyyar qəbulu keçirilib.
AMB-dən FED.az-a bildirilib ki, qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən kredit borcuna güzəşt olunması, Mərkəzləşdirilmiş Kredit Reyestrindən məlumatların silinməsi, kredit istəyi, zaminin kredit borcunun ödənilməsindən azad edilməsi, borcun akseptsiz qaydada tutulması, eyni zamanda, daşınmaz əmlakın icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və aqrar sığorta məsələləri ilə bağlı olub.
Vətəndaşlara müraciətlərində qeyd olunan məsələlərlə bağlı müvafiq izahatlar verilib, əlavə araşdırma tələb olunan məsələlərlə bağlı vətəndaşların ərizə yazmalarına şərait yaradılmaqla yazılı müraciət etmək hüquqları təmin edilib. Bank fəaliyyəti ilə əlaqədar bəzi müraciətlər yerindəcə öz həllini tapıb. Həmçinin qəbul zamanı şifahi müraciətlərini ünvanlayan vətəndaşlardan zəruri məlumatlar əldə edilməklə müraciətlərinin araşdırmasının nəticəsi barədə əlavə məlumat veriləcəyi bildirilib, vətəndaşlara maarifləndirici bukletlər paylanıb.
Qeyd edək ki, maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi məqsədilə səyyar qəbulların keçirilməsi davam etdiriləcək.