"Pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər və bank sisteminin likvidlik mövqeyindəki dəyişikliklər nəzərə alınmaqla tətbiq edilir. Qısamüddətli pul bazarında orta faizlər Mərkəzi Bankın faiz dəhlizi daxilində hərəkət edir".
FED.az xəbər verir ki, bu, Mərkəzi Bankın "Faiz dəhlizinin parametrləri haqqında" başlıqlı press-relizində bildirilir.
Qeyd edilib ki, ötən ilin sonunda hökumət hesabları qalıqlarının azalması bank sistemindəki likvidliyə artırıcı təsir edib:
"Bunun nəticəsi olaraq cari ilin əvvəlində banklararası pul bazarında faizlər pik (2024-cü ilin dekabrında 1D AZIR 7.68%) səviyyə ilə müqayisədə azalıb. Belə ki, yanvar və fevral aylarında orta günlük 1D AZIR ötən ilin dekabr ayı ilə müqayisədə 0.6 faiz bəndi və 0.2 faiz bəndi az olub.
Cari ildə pul siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsi işləri də davam etdirilir. 2025-ci ilin fevral ayında daimi imkan və açıq bazar əməliyyatlarının aparılması şərtlərində dəyişikliklər edilib. Belə ki, bir günlük daimi imkan depozit və əks-repo əməliyyatların müddəti 24 saatdan 1 gecəliyə keçirilib Eyni zamanda not hərraclarında minimum iştirakçı sayına qoyulan tələb aradan qaldırılıb".