Azərbaycanın ixracında mühüm paya malik neftin və təbii qazın qiymətinin kəskin artması müşahidə olunur. Brent markalı neftin orta qiyməti 2022-ci ilin ötən dövründə 96 ABŞ dolları təşkil etmişdir ki, bu da ötən ilin orta qiymətindən (71 ABŞ dolları) 35% çoxdur.
Eləcə də bax: Təcili: Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini artırdı - AMB-DƏN AÇIQLAMA – TAM MƏTN
FED.az xəbər verir ki, bu, Mərkəzi Bankın Faiz dəhlizinin parametrləri haqqında açıqlamasında bildirilir.
Qeyd edilib ki, mart ayında bəzi günlərdə neftin qiyməti 2008-ci ildən bəri pik səviyyəyə qalxmışdır. Təbii qazın qiyməti də Avropada rekord həddə çatıb. Azərbaycandan ixrac olunan neft və qazın hasilatının həcminin də cari ildə artacağı gözlənilir.
"Əsas ixrac əmtəələri üzrə dünya qiymətlərinin yüksəlməsi 2022-ci ilin sonuna tədiyə balansında Ümumi Daxili Məhsula nisbətdə ikirəqəmli səviyyədə profisitin yaranacağı ehtimalını artırır ki, bu da valyuta bazarında tarazlığı dəstəkləyən başlıca fundamental amildir. Son hadisələr qeyri-neft əmtəə və xidmət ixracının artım tempinə, eləcə də ölkəyə daxil olan pul baratlarının həcminə və qeyri-neft sektoruna investisiyaların dinamikasına da təsir edəcəkdir", - məlumatda bildirilir.
Xəbər verdiyimiz kimi bugün Azərbaycan Mərkəzi Bankı faizilərini 0,25 bənd artırıb. Uçot dərəcəsi 7.5%-dən 7.75%-ə, faiz dəhlizinin aşağı həddi 6%-dən 6.25%-ə, yuxarı həddi isə 9%-dən 9.25%-ə qaldırılıb. (Marja)