Cəmiyyətdə rəqəmsal ödəniş vərdişlərinin formalaşdırılması və iqtisadiyyatda nağdsız dövriyyənin artırılması, habelə innovativ ödəniş həlləri təqdim edən Ani Ödənişlər Sistemindən (AÖS) istifadənin təşviqi məqsədilə Mərkəzi Bank tərəfindən 1 noyabr 2021-ci il tarixindən başlayaraq geniş əhali təbəqəsini əhatə edən ölkə miqyaslı “AniPay ilə ödə və qazan” adlı stimullaşdırıcı lotereyaya start verilir.
FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, cari ilin noyabr ayı ərzində keçiriləcək stimullaşdırıcı lotereya dövründə AÖS vasitəsilə minimum 5 (beş) manat məbləğində köçürmə əməliyyatı aparan istifadəçilər lotereyada iştirak hüququ əldə edəcəklər. Lotereya yalnız fiziki şəxslər arasında aparılan əməliyyatları əhatə edir və ümumilikdə ölkə üzrə 400 nəfərin qalib olacağı planlaşdırılır. Hər bir qalib üzrə 100 (bir yüz) manat təşkil edəcək uduş məbləği qalib şəxsin bank hesabına köçürüləcəkdir. Lotereyada AÖS-ün “AniPay” tətbiqi, habelə bankların sistemə inteqrasiya olunmuş internet və mobil bankçılıq xidmətlərinin “AniPay” funksionallığı bölməsi, eyni zamanda filiallarda AÖS vasitəsilə həyata keçirilən köçürmələr nəzərə alınacaqdır.
Lotereya haqqında daha ərtaflı məlumat Mərkəzi Bankın rəsmi internet səhifəsində xüsusi bölmədə (https://www.cbar.az/page-717/pay-by-anipay-and-win-2021) yerləşdirilmişdir.
Qeyd edək ki, hazırda 20 bank, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu və “Azərpoçt” MMC AÖS platformasına inteqrasiya olunmuşdur. Əhali və iqtisadi subyektlərin sistemin imkanlarından daha aktiv istifadəyə cəlb edilməsi məqsədilə Mərkəzi Bank tərəfindən AÖS üzrə göstərilən əməliyyatlarla bağlı iştirakçı təşkilatlardan 1 yanvar 2022-ci il tarixinə kimi xidmət haqqı tutulmaması qərara alınmışdır.
AÖS-ə inteqrasiya olunmuş bankların müştəriləri internet və mobil bankçılıq xidmətləri, habelə sistemin “AniPay” mobil tətbiqindən (Android: http://bit.ly/3b78WQo
və IOS: https://apple.co/3hXL17u) istifadə etməklə 24/7 rejimində ödənişlərini anında həyata keçirə bilərlər.