Azərbaycan Mərkəzi Bankı (AMB) İcbari Sığorta Bürosuna iştirakçı olmaq üçün tələb olunan ödənişlərin məbləğini təsdiqləyib.
Eləcə də bax: Azərbaycanda bu il icbari sığorta - Bazarı Böyüyüb
FED.az AMB-yə istinadən xəbər verir ki, İcbari Sığorta Bürosuna (İSB) ödənilməli olan iştirak haqqının və təminat depozitinin məbləğlərinin müəyyən edilməsi məqsədilə AMB-nin İdarə Heyəti ”İcbari sığortalar haqqında” Qanununun 28.4-cü və 30.2-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci maddəsinə əsasən qərar qəbul edib.
Qərara əsasən, İcbari Sığorta Bürosunun iştirakçısı olmaq üçün müraciət etmiş sığortaçının ödəməli olduğu iştirak haqqının məbləği 200 min manat müəyyən edilib.
İcbari Sığorta Bürosunun iştirakçısı olmaq istəyən sığortaçının Büroya birdəfəlik olaraq ödəməli olduğu təminat depozitinin məbləği müvafiq icbari sığorta növləri üzrə aşağıdakı kimi müəyyən edilib:
1. Daşınmaz əmlakın icbari sığortası üzrə – 100 min manat;
2. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə – 100 min manat;
3. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə – 200 min manat;
4. Sərnişinlərin icbari fərdi qəza sığortası üzrə – 100 min manat;
5. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə – 100 min manat manat.
Qərara əsasən, bu rada nəzərdə tutulan məbləğlər Naxçıvan Muxtar Respublikası üzrə 50% nəzərdə tutulub.
Naxçıvan MRda olmayan, yerləşməyən və qeydiyyat nışanı həmin əraziyə aid olmayan sığorta predmetlərinə və subyektlərinə münasibətdə isə tam məbləğdə müəyyən edilib.