Azərbaycan Mərkəzi Bankı iki ödəniş təşkilatı “Global İnnovations” MMC və “United Payment” MMC barəsində məcburi göstəriş verib.
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay”ə məcburi göstəriş verib
FED.az xəbər verir ki, Mərkəzi Bank tərəfindən “Global İnnovations” MMC-yə icrası məcburi olan göstəriş verilib.
Bildirilib ki, buna səbəb Azərbaycan Respublikası Mərkəzi Bankının “Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası”nın 4.2-ci bəndi ilə müəyyən edilmiş məcmu kapitalın minimum miqdarına dair tələbin, eləcə də digər normativ tələblərin pozulması olub. Göstəriş “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunun 63.1-ci maddəsinə əsasən verilib.
Eyni zamanda, Mərkəzi Bank tərəfindən “United Payment” MMC-də aparılan yerində yoxlama zamanı aidiyyəti qanunvericilik və normativ aktların tələblərinin pozulması halları aşkar edilib.
Bununla əlaqədar olaraq, “Mərkəzi Bank haqqında” Qanunun 48.2.4-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunun 63.1-ci maddələrinə əsasən şirkətə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində müəyyən edilmiş çatışmazlıqların aradan qaldırılması məqsədilə icrası məcburi olan göstərişlər verilib.














