Mərkəzi Bankın siyasətinin və fəaliyyətinin geniş ictimaiyyət tərəfindən aydın başa düşülməsi, siyasət mesajlarının ictimaiyyətə düzgün ötürülməsi, bank-maliyyə fəaliyyətinin mediada geniş işıqlandırılması, bununla da ölkədə həyata keçirilən iqtisadi islahatların cəmiyyət tərəfindən aydın qavranılması, nəticə etibarilə ictimaiyyətdə düzgün iqtisadi gözləntilərin formalaşdırılması baxımından media institutları ilə sıx əməkdaşlıq, onların maliyyə biliklərinin təkmilləşdirilməsi istiqamətində görülən işlər mühüm əhəmiyyət kəsb edir.
FED.az xəbər verir ki, Mərkəzi Bank tərəfindən bu məqsədlə media nümayəndələri üçün ənənəvi olaraq mərkəzi bankçılıq, maliyyə-bank sisteminə dair bilik və bacarıqların təkmilləşdirilməsi mövzularında təlimlər, həmçinin “Açıq qapı” tədbirləri təşkil olunur.
Bu prosesin davamı olaraq Azərbaycanda mərkəzi bankçılığın yaranmasının 103 illiyi, eyni zamanda Azərbaycan və Dünya Bankı arasında tərəfdaşlığın 30-cu ildönümü ərəfəsində Azərbaycan Respublikası Mərkəzi Bankının və Dünya Bankının Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə 3 oktyabr 2022-ci il tarixində mətbuat nümayəndələri üçün "Tədiyə balansı" və “Dünya Bankının ümumi prinsipləri, strukturu, qlobal miqyasda və Azərbaycanda fəaliyyəti” mövzularında təlim keçirilib.
Təlim iştirakçılarına tədiyə balansının mahiyyəti, strukturu, metodoloji əsasları, makroiqtisadi göstəricilər sisteminin mühüm tərkib hissəsi kimi əhəmiyyəti, pul və məzənnə siyasəti aspektləri barədə ətraflı məlumat verilmiş, həmçinin cari ilin 6 ayı üzrə ölkənin tədiyə balansının təhlili təqdim olunub.
Sonra “Dünya Bankı: yoxsulluqdan azad dünya naminə işləyirik” mövzusunda təqdimat keçirilmiş, sözügedən beynəlxalq maliyyə institutunun siyasəti və fəaliyyət istiqamətləri barədə təlim iştirakçıları geniş məlumatlandırılıb.
Təlim zamanı jurnalistləri maraqlandıran suallar cavablandırılıb.