Həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə banklar tərəfindən də kömək göstərilir.
FED.az xəbər verir ki, Mərkəzi Bankdan daxil olmuş məlumatda bildirilir ki, ilkin mərhələdə bu proqramın icrasına ölkədə fəaliyyət göstərən 8 bank - “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Kapital Bank” ASC, “PAŞA Bank” ASC, “Accessbank” QSC, “Bank Respublika” ASC, “Rabitəbank” ASC, “Turanbank” ASC və “Yelo Bank” ASC qoşulub.
Eləcə də bax: Koronavirusla bağlı müştərilərinə güzəşt edən Azərbaycan bankları – SİYAHI
“Aparılan birgə işlər əhalinin həssas qruplarının (əlilliyi olan şəxslərin, aztəminatlı ailələrin, şəhid ailələrinin, məcburi köçkünlərin, işsiz və işaxtaran şəxslərin və b.) məşğulluğunun artırılması və kiçik sahibkarlığa çıxışının dəstəklənməsində əlavə imkanlar yaratmaqdır.
Bu, eyni zamanda, hazırda koronavirus (COVİD-19) pandemiyasının ölkədə mənfi sosial-iqtisadi təsirlərinin azaldılması, məşğulluq məsələlərinin həlli sahəsində aparılan fəal dövlət siyasətinə bir dəstəkdir.
Son günlərdə banklar proqrama cəlb olunmuş vətəndaşlarla müvafiq qrant müqavilələrinin imzalanmasına və onlara əsasən xidmət və istehsalat sahələri üzrə aktivlərin (o cümlədən natura şəklində material, avadanlıq və digər əmlakların) 2 il müddətinə müqavilə əsasında əvəzsiz olaraq təqdim edilməsinə başlayıblar.
Yaxın dövrdə bu prosesə digər bankların da aktiv qoşulması planlaşdırılır ki, nəticədə özünüməşğulluq proqramında iştirak edən bankların sayı artacaqdır”,- məlumatda deyilir.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında əməkdaşlığa dair memorandum imzalanıb.