Ölkəmizdə səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti xanım Odil Reno-Bassonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov arasında görüş keçirilib.
Eləcə də bax: Mərkəzi Bank “Visa” ilə “Ağıllı kənd” layihəsinə dəstəyi - MÜZAKİRƏ EDİB
AMB-dən FED.az-a bildirilib ki, görüş zamanı Mərkəzi Bankın sədri Azərbaycanın AYİB ilə uzunmüddətli əməkdaşlığının əhəmiyyətini vurğulayıb. O, ölkədə mövcud iqtisadi vəziyyət, o cümlədən maliyyə sektorunda görülən işlər barədə məlumat verərək deyib ki, qlobal bazarlarda baş verən mürəkkəb proseslər, pandemiyanın iqtisadiyyatımız üçün yaratdığı çətinliklərə baxmayaraq Azərbaycanda makroiqtisadi və maliyyə sabitliyi qorunub. T.Kazımov ölkədə yeni nəsil islahatlara start verildiyini, növbəti strateji dövr üçün milli prioritetlərin müəyyənləşdirildiyini qeyd edib.
Bildirib ki, bu islahatlar məzmununa görə məqsədyönlü və konkret strateji hədəflərin reallaşmasına, ölkədə dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşmasına, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətin qurulmasına, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanının yaradılmasına, həmçinin Azərbaycanın təmiz ətraf mühit və “yaşıl artım” ölkəsinə çevrilməsinə yönəlib. Ölkədə islahatların həyata keçirilməsində beynəlxalq təşkilatlarla, xüsusilə AYİB ilə əməkdaşlıq daim mühüm rol oynayıb. AYİB strateji tərəfdaş kimi bu islahatlarda da Azərbaycana dəstək göstərəcək.
Odil Reno-Basso, öz növbəsində, AYİB-in Azərbaycan ilə əməkdaşlığının yüksək səviyyədə olduğunu qeyd edib. Bildirib ki, yaranmış qlobal iqtisadi təhdidlərlə mübarizə şəraitində ölkədə həyata keçirilmiş islahatlar uğurla davam etdirilir. Azərbaycanın elan etdiyi regional əməkdaşlıq təşəbbüsləri ölkə iqtisadiyyatının inkişaf potensialını daha da genişləndirir. Ölkədə AYİB-in dəstəyi ilə həyata keçirilən layihələrin statusu barədə məlumat verərək Azərbaycan iqtisadiyyatında həyata keçirilən müvafiq islahatlara bundan sonra da dəstək veriləcəyini ifadə edib.
Görüşdə Mərkəzi Bank ilə AYİB arasında mövcud əməkdaşlıq istiqamətlərinin genişləndirilməsi imkanları və gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.