Azərbaycan Mərkəzi Bankı (AMB) bank sektorunun dayanıqlığının diqqətdə saxlanılması çərçivəsində 2022-ci ildə 5 bankda yoxlama aparıb.
Azərbaycan bankları 1-ci rübü belə başa vurdu – MƏNFƏƏT-ZƏRƏR – SİYAHI - YENİLƏNİR
FED.az xəbər verir ki, bu barədə AMB-nin 2022-ci ildəyi fəaliyyəti ilə bağlı HESABAT-da bildirilir.
Sənəddə deyilir ki, 2022-ci il ərzində nəzarət çərçivəsində bank sektorunun maliyyə dayanıqlığı diqqətdə saxlanılıb:
«Bank sektorunda kredit riskləri, xarici valyuta bazarında trendlər və dollarlaşma prosesləri mütəmadi izlənmiş, geosiyasi proseslərin təsiri nəticəsində aktuallığını artırmış hesablaşma kanalları monitorinq edilmiş, bankların cari maliyyə vəziyyəti qiymətləndirilmişdir. Hesabat dövründə 5 bankda, 4 bank olmayan kredit təşkilatında və “Azərpoçt” MMC-də hərtərəfli yoxlama, habelə 4 bankda tematik yoxlama aparılmışdır».
AMB bildirir ki, nəzarət alətlərinin səmərəli tətbiqi nəticəsində bankların maliyyə dayanıqlığı qorunub, əhalinin bank sektoruna inamı artıb.
Bundan başqa, 2022-də Mərkəzi Bankın İdarə Heyətinin 11.10.2022-ci il tarixli qərarı ilə könüllü ləğvetmə ilə əlaqədar öz müraciəti əsasında Pakistan Milli Bankının Bakı filialına verilmiş lisenziya ləğv edilib. Bununla da 31.12.2022-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların sayı 25 (o cümlədən, 2 dövlət bankı) olub.
İlin sonuna bankların xidmət şəbəkəsi 487 filial, 91 şöbə (mübadilə şöbələri daxil olmaqla), 2997 ATM, habelə 22 731 işçi vasitəsilə təmin edilir.