"Tədiyyə balansının tənzimlənməsi baxımından neftin 1 barelinin 50 dollara qədər düşməsi risk yaratmır, 50 dollar bizim üçün kritik həddir”.
ELƏCƏ DƏ BAX: Büdcə sisteminə dair tələblər dəyişdi – YENİ QAYDALAR
FED.az-ın məlumatına görə, bunu iqtisadçı ekspert Rövşən Ağayev bildirib.
R. Ağayev deyib ki, neftin qiymətinin bu həddi manatın sabitliyi üçün təminat verir: "Ancaq neftin 1 barelinin qiymətinin 50 dollardan aşağı düşməsi ümumiyyətlə, manat üçün makroiqtisadi risk yaradır”.
İqtisadçı gələn il üçün yumşaq devalvasiya olacağı yönündə proqnozlarla da razılaşmır: "Mən hələ ki, yumşaq devalvasiya gözləmirəm. Bir iqtisadçı kimi ümumiyyətlə, neftin qiyməti 50 dollardan aşağı düşməyənə qədər devalvasiya məsələsini müzakirə etmək istəmirəm. Bir ölkədə ki, üçüncü rübün nəticəsinə görə tədiyyə balansının müsbət saldosu 5 milyard dollardır, tədiyyə balansında 3-5 milyard dollar müsbət saldo olan ölkələrdə devalvasiya məsələsi gündəmdə olmamalıdır. Qonşu ölkələrin valyutasının ucuzlaşmasının da manatın məzənnəsinə təsiri minimumdur. Bütün qonşu ölkələrin valyutasının ucuzlaşması ilə müqayisədə manatın məzənnəsinə neftin qiyməti daha ciddi təsir göstərir. Neftin qiyməti üçün kritik hədd isə 50 dollar və ondan aşağıdır”.
R. Ağayev Prezident İlham Əliyevin 18 dekabr tarixli fərmanları ilə təsdiqlənən "Büdcə qaydasına uyğun icmal büdcə xərclərinin yuxarı həddinin hesablanması Qaydası” və "Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi Qaydası”na da toxunub: "Büdcə qaydasına uyğun icmal büdcə xərclərinin yuxarı həddinin hesablanması Qaydası” məzənnə sabitliyindən daha çox xərclərin volotilliyindən qaçmaq üçündür. Çünki neftin qiymətinin 30-40 faiz artdığı elə illər olub ki, büdcə xərcləri 70 faizə qədər artıb. Elə illər də olub ki, neftin qiyməti 50 faiz düşəndə hökumət məcbur olaraq büdcəni 10 faiz azaldıb. Xərclərin volotilliyinin kəskin qalxıb-enməsi makroiqtisadi sabitlik üçün təhlükə yaradır. Ona görə də hökumət büdcə ilə bağlı 103 qaydası tətbiq edir ki, növbəti il üçün icmal büdcənin xərci əvvəlki ilin xərcindən 103 faiz çox ola bilməz. Çünki xərclərin kəskin qalxıb enməsi makroiqtisadi baxımdan problemlər yaradırdı.
Amma bunun birbaşa manatın əlaqəsi yoxdur, daha çox xərc sabitliyinin təmin olunması baxımından vacibdir. Lakin "Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi Qaydası”, yəni borc strategiyasının manatın məzənnəsi ilə əlaqəsi var. Məsələn, Beynəlxalq Bankın timsalında göründü ki, xüsusilə də iri dövlət şirkətləri, dövlət müəssisələri iri həcmli xarici borclar götürürlər və xarici borc öhdəliyi nə qədər çoxalırsa, xüsusən də neftin qiymətinin aşağı olduğu dövrdə böyük borc manatın məzənnəsi üçün böyük problemə, risk mənbəyinə çevrilir. Bu baxımdan borcun hədəflənməsi, ümumdaxili məhsula nisbətdə aşağı həddə saxlanılmasının hədəf kimi götürülməsinin birbaşa məzənnə sabitliyi ilə əlaqəsi var”.
İndiki həssas dövrdə Mərkəzi Bankın pul-kredit siyasətinə gəlinə, R. Ağayev Mərkəzi Bankın daha çox inflyasiyanın hədəflənməsi siyasətini həyata keçirməyə çalışdığını nəzərə çatdırıb: "Xüsusən də manatın məzənnəsinin kəskin düşməsindən sonra Mərkəzi Bank buna məcbur oldu. Çünki inflyasiya ikirəqəmli həddə keçdi. Qanunvericiliyə görə də Mərkəzi Bank ölkədə qiymət sabitliyini qoruyan əsas qurumdur. Ona görə də Mərkəzi Bank inflyasiyanın hədəflənməsini əsas siyasət kimi həyata keçirir. Mərkəzi Bank aşağı inflyasiyaya nail olmaq üçün daha çox sərt pul-kredit siyasətinə üstünlük verir. Amma mən düşünürəm ki, artıq hökumət Mərkəzi Bankın inflyasiyanın hədəflənməsindən iqtisadi artımın hədəflənməsi siyasətinə keçidini təmin etməlidir. Tədricən yaxın 2-3 ildə Mərkəzi Bank inflyasiyanın hədəflənməsini deyil, iqtisadi artımın hədəflənməsini əsas götürməlidir. Bu gün Azərbaycanda iqtisadi artım ən aşağı həddə qədər düşüb. Keçən il iqtisadi artımda mənfi göstərici qeydə alındı, bu il isə cəmi 1 faiz iqtisadi artım gözlənilir. Bizim normal iqtisadi inkişafımız, iqtisadiyyatımızın böyüməsi üçün orta hesabla 3-5 faiz iqtisadi artıma nail olmaq lazımdır. Ona görə Mərkəzi Bankın pul-kredit siyasəti də xüsusən kredit ineksiyası vasitəsi ilə iqtisadi artımın bu səviyyəyə çatdırılmasına kömək etməli, yardım göstərməlidir”.
Manat üçün bu hədd kritikdir – PROQNOZ

20:39
21 Dek 2018