Mərkəzi Bank koronavirus pandemiyası ilə əlaqədar maliyyə sektoruna əlavə dəstəkləyici tədbirlər paketinin vaxtının növbəti dəfə uzadılması barədə qərar qəbul edib.
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, maliyyə sektorunun cari vəziyyəti, sektorun maliyyə dayanıqlığı üzrə aparılmış qiymətləndirmə nəticələri, habelə beynəlxalq maliyyə təşkilatlarının tövsiyələri nəzərə alınmaqla Mərkəzi Bank requlyativ dəstək rejimini davamlı olaraq dəqiqləşdirir və siyasət qərarları qəbul edir.
İqtisadiyyatın müxtəlif sahələri üzrə məhdud rejimin yumşaldılması fonunda iqtisadi aktivliyin tədricən bərpa edilməsi şəraitində Mərkəzi Bankın İdarə Heyətinin 30 iyun 2021-ci il tarixli 19 nömrəli qərarına əsasən pandemiyadan təsirlənmiş fiziki şəxslər və sahibkarlıq subyektlərinin maraqlarının qorunması və dəstəklənməsi davam etdirilərək cərimə faizi, dəbbə pulu və digər cərimələrin hesablanmamasına, borcalanların kredit öhdəlikləri üzrə gecikmələrlə bağlı onların kredit tarixçələrinin pisləşməməsinə dair kredit təşkilatlarına verilmiş tövsiyələrin müddəti 01 oktyabr 2021-ci il tarixinədək uzadılıb.
Eyni zamanda, kredit və sığorta təşkilatlarının kapital mövqeyinin daha da möhkəmləndirilməsi, onların sərbəst maliyyə vəsaitlərinin kapitala yönəldilməsinin təmin edilməsi məqsədilə dividend ödənişlərinə tətbiq edilmiş məhdudiyyətlər həmin tarixədək qüvvədə saxlanılıb.
Bank sektorunun kapitala aid yeni requlyativ tələblərə tədricən adaptasiyasının növbəti mərhələsində 1 iyul 2021-ci il tarixindən başlayaraq bazar və əməliyyat riskləri bankların məcmu və I dərəcəli kapitalının adekvatlığı əmsallarında nəzərə alınacaq, habelə həmin tarixdən məcmu kapital adekvatlığı əmsalı üzrə minimum hədd Mərkəzi Bankın aidiyyəti normativ qaydaları ilə müəyyən edilmiş səviyyədə bərpa ediləcək.
Bu tələblərin tətbiqi bankların kapitalında əməliyyat və bazar risklərinin qarşılanması üçün əlavə buferin yaradılmasına xidmət edəcək. Eyni zamanda, kontr-tsiklik kapital buferi ilə əlaqədar requlyativ güzəştin tətbiqi müddətinin 1 yanvar 2022-ci il tarixinədək uzadılması qərara alınıb.