Sentyabrın 12-də maliyyə naziri, Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının üzvü Samir Şərifov ölkəmizdə səfərdə olan bankın vitse-prezidenti Şiksin Çenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Maliyyə Nazirliyindən FED.az-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə AİB arasında əməkdaşlığın hazırki vəziyyəti və gələcək istiqamətləri, o cümlədən 2023-cü ildə hazırlanacaq və 2024-2028-ci illəri əhatə edəcək ölkə üzrə tərəfdaşlıq strategiyasının əsas istiqamətləri üzrə məsləhətləşmələr aparılıb, yeni tərəfdaşlıq strategiyasının “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə və Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasına uyğun hazırlanmasının vacibliyi qeyd olunub.
Görüş zamanı birgə həyata keçirilən layihələrin icra vəziyyəti nəzərdən keçirilib, xüsusilə, AİB-in ölkəmizin makroiqtisadi sabitliyinə, dövlət sektorunda effektivliyin artırılmasına, Cənub Qaz Dəhlizinin maliyyələşdirilməsinə, Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsinin yenidən qurulmasına verdiyi dəstək vurğulanıb.
S.Şərifov ölkəmizin makroiqtisadi vəziyyəti, Prezident İlham Əliyevin rəhbərliyi altında hökumət tərəfindən həyata keçirilən iqtisadi islahatlar və əldə olunan nailiyyətlər, habelə işğaldan azad edilmiş ərazilərin bərpa və yenidənqurulması barədə məlumat verib, ölkə iqtisadiyyatın şaxələndirilməsində, həyata keçirilən mühüm layihələrdə AİB-in kreditləşdirmə proqramlarının və texniki yardımlarının əhəmiyyətli rolunu qeyd edib.
Öz növbəsində Ş.Çen ölkəmizdə dövlət sektorunun səmərəliliyinin artırılması, özəl sektorun inkişafının gücləndirilməsi, nəqliyyat və irriqasiya infrastrukturuna sərmayə yatırmaqla qeyri-karbohidrogen sektorlarının şaxələndirilməsi və şaxələndirilmiş iqtisadiyyatın tələblərini ödəmək üçün insan kapitalının gücləndirilməsi istiqamətində AİB-in etibarlı tərəfdaş olduğunu vurğulayaraq AİB ilə Azərbaycan arasında birgə həyata keçirilən layihələrin bundan sonra da uğurla davam edəcəyinə əminliyini ifadə edib.
Səfər çərçivəsində vitse-prezident Ş.Çenin Naxçıvan Muxtar Respublikasına, onu səfərdə müşayiət edən bankın baş direktoru Yevgeni Jukovun isə işğaldan azad olunmuş Ağdam rayonuna səfərləri də nəzərdə tutulub.
1966-cı ildə təsis edilən Asiya İnkişaf Bankının əsas məqsədi üzv ölkələrin iqtisadi inkişafına dəstək olmaqla yoxsulluğun aradan qaldırılması və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına yardım etməkdir. AİB-ə 48-i regional və 19-u qeyri-regional olmaqla, 67 ölkə üzvdür. Bankın baş ofisi Filippin Respublikasının paytaxtı Manila şəhərində yerləşir.