Son illərdə idarəetmədə mühüm amil hesab olunan mühasibat uçotunun daha yüksək səviyyədə aparılması üçün peşəkar mühasiblər təbəqəsi yaradılması istiqamətində Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən bir sıra addımlar atılır.
FED.az xəbər verir ki, nazirliyin yaydığı məlumatda bildirilir ki, artıq bir sıra təşkilatların, o cümlədən büdcə təşkilatlarının baş mühasiblərinin peşəkar mühasib sertifikatına malik olması zəruri tələb kimi “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununa daxil edilmiş və baş mühasiblərin sözügedən sertifikatı əldə etmələri üçün Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ilə birlikdə müvafiq tədbirlər görülür.
2023-cü il 1 yanvar tarixdən etibarən büdcə təşkilatlarında baş mühasib vəzifəsində çalışan və bu vəzifəyə namizədlərdən Peşəkar Mühasib Sertifikatı tələb olunduğundan Maliyyə Nazirliyi tərəfindən Peşəkar Mühasib Sertifikatları ilə bağlı aparılan maarifləndirmə və təbliğat işləri çərçivəsində videoçarx hazırlanıb.
Videoçarxda Peşəkar Mühasib Sertifikatının verilmə prosesi, sertifikatın qüvvədə olma, əldə edilmə müddətləri və ardıcıllığı sadə və anlaşılan qrafik izah üzərində göstərilir.
“Peşəkarlığınızı Peşəkar Mühasib Sertifikatı əldə edərək təsdiq edin” şüarı videoçarxın ana xəttini təşkil edir.