Dövlət istiqrazlarına gələn sifarişlərin sərfəli olmaması səbəbindən Maliyyə Nazirliyi qiymətli kağızların bir hissəsini yerləşdirə bilməyib.
Eləcə də bax: Maliyyə Nazirliyinin 1 illik istiqrazları satılacaq - ŞƏRTLƏR
FED.az xəbər verir ki, mayın 5-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0104005779 ISIN-li, 50 milyon manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib. Birjanın mayın 6-da axşam saatlarında, yəni hərracdan bir sutka sonra yaydığı məlumata əsasən, hərrac zamanı 23 investor tərəfindən qiyməti intervalı 80,7308 AZN (24.00%) və 92,6300 AZN (8,00%) olan 37 sifariş təqdim edilib. Başqa sözlə, investorlar bu kağızlardan daha byöük gəlirlilik gözləyiblər. Sifarişlərin ümumi məbləği 93 milyon 18 min manat olub.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 90,5530 AZN (10.49%), orta ölçülmüş qiyməti 91,0440 AZN (9.89%) müəyyən edilib. Sifarişlərin yerləşdirilmiş həcmi isə 16 milyon 602 min manat olub. Başqa sözlə, hərraca çıxarılan istiqrazların böyük hissəsi – üçdə ikisi yerləşdirilməyib.
İstiqrazların ödəmə tarixi 4 may 2021-ci il.
Hərrac iştirakçıları 06 may 2020-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.