Xəbər verildiyi kimi, bu gün mayın 24-də Milli Məclisin iqtisadi siyasət və sahibkarlıq komitəsində 2022-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsi müzakirəyə çıxarıldı.
Nə üçün dövlət tenderlərinin 43-44%-i, təkliflər sorğusunun 70%-i– 4-CÜ RÜBDƏ BAŞ VERİR?
FED.az xəbər verir ki, ötən ilin büdcəsinin müzakirəsi ətrafında aparılan müzakirələr getdikcə ümumilikdə Azərbaycanda büdcə vəsaitlərindən səmərəli istifadə olunması, vəsaitlərin idarə edilməsi, satınalmaların maliyyələşdirilməsi mövzusunda polemikaya keçib.
Qeyd edək ki, iclasda hökumət ciddi səviyyədə təmsil olunurdu – Hesablama Palatiasının sədri Vüqar Gülməmmədova, Maliyyə Nazirinin müavini Azər Bayramov opponentlik edirdi, iqtisadi proseslər, sahibkarlıq və investiiya ilə bağlı qanun layihələri ilə bağlı millət vəkillərini məlumatlandırmaq üçün isə ilasda İqtisadiyyat nazirinin 1-ci müavini Elnur Əliyev iştirak edirdi.
2022-ci ilin dövlət büdcəsinin icrası müzakirəsindən əvvəl nəzarət edici qurum – Hesablama Palatası büdcəyə rəyini bildirmiş və bir sıra iradların açıqlamışdı. Rəydə diqqəti çəkən məqamlardan dövlət satınalma proseslərinin böyük hissəsinin ilin sonunda, 4-cü rübdə baş verməsi idi. Palatanın bununla bağlı detallı arayışı deputatların da diqqətini buna yönəltdi.
Büdcə Müzakirə zamanı deputatlar və dövlət qurumları tərəfindən qaldırılan suallardan biri büdcə vəsaitlərinin, xüsusilə də satınalmaya ayrılan vəsaitlərin böyük hissəsinin ilin sonunda xərclənməsi idi.
Nə üçün dövlət tenderlərinin 43-44%-i, təkliflər sorğusunun 70%-i– 4-CÜ RÜBDƏ BAŞ VERİR?
Palatanın arayışında deyilir ki, 2021-ci ildə olduğu kimi, 2022-ci ildə də əksər satınalma metodları üzrə məbləğ və say ifadəsində daha çox satınalma IV rübdə həyata keçirilib. Belə ki, təqdim edilmiş məlumatlara görə, il ərzində satınalma metodlarının say baxımından 40,5%-i ilin birinci yarısında, 59,5%-i isə ikinci yarısında tətbiq edilib. Məbləğ ifadəsində isə satınalmalara sərf edilən vəsaitlərin 44,1%-i ilin birinci yarısına, 55,9% faiz isə 2-ci yarısına təsadüf edib. Daha dəqiq baxdıqda isə satınalmaların ciddi hissəsi ilin sonunda – 4-cü rübdə baş verib. Belə ki, dövlət satınalmalarının məbləğ ifadəsində 35,1%-i və ya 2379,9 mln. Manatı 4-cü rübdə baş verib. O cümlədən açıq tender üzrə satınalmaların 28,2%-i və ya 628,5 mln. manatı, elektron açıq tender üzrə satınalmaların 43,0%-i və ya 517,5 mln. manatı, kotirovka sorğusu üzrə satınalmaların 44,1%-i və ya 30,0 mln. manatı, təkliflər sorğusu üzrə satınalmaların 68,7%-i və ya 689,0 mln. manatı, bir mənbədən keçirilən satınalmaların 22,6%-i və ya 515,0 mln. Manatı ilin IV rübünü əhatə edib.
Satınalmalara vaxt çatmır– ilin sonuna qalır
Deputatların birbaşa və Hesablama Palatasının isə qiyabi yolla Maliyyə Nazirliyinə yönəltdiyi suala nazir müavini Azər Bayramov cavab verdi.
Onun sözlərinə görə, pulların böyük hissəsinin ilin 2-ci yarısında xərcənməsinin, tenderlərin isə isə böyük hissəsinin (digər rüblərə nisbətən) 4-cü rübdə keçirilməsinin bir sıra səbəbləri var: «Əvvəla qeyd edim ki, son illər büdcə daxilolmaları sahəsində və əldə edilmiş inkişaf nəticəsində büdcənin dürüstləşdirilməsinə gedirik. Dürüstləşmə (yəni büdcəyə dəyişiklik) prosesi də həmişə ilin ortasında baş verir, büdcəyə əlavə olanan vəsaitlər avtomatik olaraq ilin ikinci yarısında istifadə olunur və ikinci yarısında da xərclənir. Planlaşdırılan vəsaitlər isə əsaslı xərclər olduğuna görə bunlar satınalma prosesi vasitəsilə həyata keçirilir. Satınalma proseduru da müəyyən vaxt tələb etdiyinə görə, onların əksəriyyəti ilin 4-cü rübünə keçir və ona görə, belə vəziyyət yaranır».
Maliyyə nazirinin müavini bildirdi ki, nazirliyin özü də bu vəziyyəti dəyişmək niyyətindədir:
«Siz sual verirsiniz ki, bunun qarşısını necə almaq olar? – biz də daima bu prosesi həll etmək üçün düşünürük, müəyyən təkliflərimiz də var».
Nazir müavini bildirdi ki, nazirliyin bununla bağlı ideyası tender prosedurlarına ilin başlanmasından əvvəl, yəni əvvəlki ilin sonundan başlamaqdır: «Təkliflərimiz ondan ibarətdir ki, satınalma prosesinin başlama müddətini bir qədər irəli çəkək, hətta büdcənin təsdiq olunmasından əvvəl, yəni ilkin vəziyyətdə parlamentə təqdim olunan layihə üzərindən imkan verək ki, təşkilatlar satınalma prosedurlarına başlasınlar. Belə olan halda biz artıq yanvar ayından, yanvar ayının əvvəlindən layihələr üzrə maliyyələşməyə başlaya bilərik».
Nazir müavini bildirdi ki, hazırda bununla bağlı qanunvericilik bazası hazırlanır və müvafiq razılaşmalar həyata keçiriləndən sonra layihə parlamentə təqdim olunacaq: «Çünki bu obyektiv bir amildir, bir tərəfdən şəffaflıqdan danışırıqsa, bir mənbədən satınalmanın azalması, tenderlərlə həyata keçirilməsinin genişlənməsindən danışırıqsa, bu da müəyyən vaxt tələb edir».
Nazir müafini bildirdi ki, məhz bu səbəbdən (yəni tenderlərin keçirilməsi səbəbindən) ilin əvvəlində, o cümlədən 1-ci rübdə maliyyələşmə aşağı olur, çünki şirkətlər tenderi bitirib satınalmaya başlaya bilmirlər: «Ona görə də ilin 1-ci rübündə maliyyələşmə aşağı olur, çünki tələbat azdır».