2025-ci ilin birinci yarımilliyində Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən dövlət büdcəsindən vəsait alan 77 təşkilatda, əsasən son 3 ili əhatə edən dövr üzrə nəzarət tədbirləri həyata keçirilib.
Dövlət büdcəsindən əhali və şirkətlərə - 152 MİLYON MANAT QAYTARILIB
Nəticədə ümumilikdə 162 milyon 11 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilib, ilkin maliyyə nəzarəti çərçivəsində isə 10 milyon 221 min manat vəsaitin artıq xərclənməsinin qarşısı alınıb.
Nazirlikdən FED.az-a bildirilib ki, bu dövrdə Maliyyə Nəzarəti Xidməti Baş Prokurorluqdan və hüquq-mühafizə orqanlarından daxil olmuş məktub və qərarların icrası ilə əlaqədar olaraq da yoxlamalar aparıb.
Belə ki, prokurorluq və hüquq-mühafizə orqanlarının məktublarına və qərarlarına əsasən 53 təşkilatda yoxlamalar aparılıb, bu yoxlamalarla 85 milyon 240 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilib.
Aşkar edilmiş nöqsanlarla bağlı materiallar prokurorluq və hüquq-mühafizə orqanlarına təqdim olunub.
Bundan əlavə, Xidmətin öz iş planına və plandankənar nəzarət tədbirlərinə əsasən 2025-ci ilin birinci yarımilliyində Xidmət tərəfindən 24 təşkilatda yoxlamalar aparılıb. Bu nəzarət tədbirləri nəticəsində ümumilikdə 76 milyon 771 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilmiş və müvafiq pozuntulara hüquqi qiymət verilməsi məqsədilə müvafiq materiallar Baş Prokurorluğa təqdim edilib.
Yoxlamalar zamanı, hüquqi qiymət verilməsi üçün prokurorluq və hüquq-mühafizə orqanlarına göndərilmiş nəzarət obyektləri istisna olunmaqla digər nəzarət obyektlərində nöqsanlara yol verən vəzifəli şəxslər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 410.1 və 410.2-ci maddələrinə əsasən inzibati xətalar törətdiklərinə görə 27 nəfər vəzifəli şəxsə cərimələr tətbiq olunub və həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin olunub.
Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən aşkar edilmiş nöqsanların aradan qaldırılması, gələcəkdə təkrar olunmasının qarşısının alınması və nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində səlahiyyətləri daxilində tədbirlər görülməsi məqsədilə aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına müvafiq məktublar göndərilib.