Azərbaycanda Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası üzrə xərclərin bu ilin sonuna 22 milyard manata çatması gözlənilir.
Qarabağda bərpa və tikinti xərcləri - 2 DƏFƏ AZALDILIR
FED.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin I oxunuşda müzakirəsində bildirib.
"Böyük Qayıdış" proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərimizin yenidən qurulmasına növbəti ildə büdcə xərclərinin 8,4 %-nə bərabər və yaxud 3,5 milyard manat vəsait ayrılacaqdır. 2020-ci ilin sonundan isə yenidənqurma və quruculuq işlərinə hər il dövlət büdcəsinin imkanları səfərbər edilərək bu ilin əvvəlinə qədər 17,6 milyard manat vəsait xərclənib. Cari ilin sonuna isə bu xərclərin 22 milyard manata çatması gözlənilir. 2026-cı ilin büdcə layihəsi və sonrakı üç il üzrə xərclər çərçivəsi də ilk növbədə bu istiqamət üzrə maliyyə təminatının yaradılmasını nəzərdə tutur", - deyə o qeyd edib.
Bundan başqa, S.Babayev deyib ki, 2026-cı ilin dövlət büdcəsinin xərc prioriteti kimi ilk sıralarda Böyük Qayıdışa dair I Dövlət Proqramı durur: "Bu, Cənab Prezidentin qarşımıza qoyduğu ali vəzifədir və büdcə imkanları artdıqca, ilk növbədə azad edilmiş ərazilərdə quruculuq işlərini sürətləndirməli və insanların öz doğma yurdlarına qayıdışını daha tez təmin etməliyik".










