Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Avropa Banklar Federasiyası (ABF) ilə əməkdaşlıqda maraqlıdır.
MBNP-nin mətbuat xidmətindən bildirilib ki, palatada Avropa Banklar Federasiyasının baş icraçı direktoru Vim Mijs və Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyevin iştirakı ilə görüş keçirilib.
Palatanın idarə heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov MBNP tərəfindən maliyyə sabitliyi sahəsində həyata keçirilmiş tədbirlər, Bazel standartlarına çatmaq üzrə ölkədə maliyyə sahəsində aparılan islahatlar və görülmüş işlər barədə məlumat verib. MBNP-nin əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlar və xarici ölkələrin maliyyə nəzarəti orqanları barədə məlumat görüş iştirakçılarının diqqətinə çatdırılıb.
İ.Alışov, həmçinin ABF-in Avropanın maliyyə sektorundakı geniş təcrübəsindən və mövcud imkanlarından bəhs edərək maliyyə sektoru üzrə təcrübə mübadiləsində, əməkdaşların təlim ehtiyaclarının qarşılanmasında MBNP-nin Avropa Banklar Federasiyası ilə əməkdaşlıq etməkdə maraqlı olduğunu qeyd edib.
V.Mijs Avropa maliyyə bazarlarının özəllikləri, inkişaf yolları və üzləşdiyi çağırışları qeyd edib. O, Azərbaycanda maliyyə sektorunun kifayət qədər rəqabətqabiliyyətli və sabit olduğunu, bu sabitlikdə MBNP-nin da rolunu yüksək qiymətləndirdiyini bildirib.
Baş icraçı direktor ABF-nin Avropanın bir çox təlim-tədris mərkəzləri ilə sıx əməkdaşlıq etdiyini və MBNP ilə Avropanın təlim-tədris mərkəzləri ilə əməkdaşlığın qurulmasında mümkün dəstəyin göstəriləcəyini deyib.