22 fevral 2022-ci il tarixində Azərbaycan Mərkəzi Bankının təşəbbüsü ilə ölkədə fəaliyyət göstərən maliyyə Assosiasiyaları - Azərbaycan Banklar, Azərbaycan Fintex, Azərbaycan Mikromaliyyə, Azərbaycan Sığortaçılar və Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyaları ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında hər biri ilə ayrı-ayrılıqda Anlaşma Memorandumu imzalanıb.
FED.az xəbər verir ki, Azərbaycan Banklar Assosiasiyasının yaydığı məlumatda bildirilir ki, qarşılıqlı əməkdaşlığı nəzərdə tutan memorandumların imzalanmasında məqsəd ölkədə yüksək keyfiyyətli ekoloji mühitin yaradılması və ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirilən layihələrə dəstək göstərilməsidir.
Razılaşmaya əsasən tərəflər arasında daha sıx işgüzar əlaqələrin qurulması, ekosistemin bərpası, yeni yaşıllıqların salınması, meşəbərpa tədbirləri kimi layihələrin icrasında koordinasiya edilmiş fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulub.
Azərbaycan Banklar Assosiasiyası (ABA) hər zaman öz fəaliyyətində korporativ sosial məsuliyyətə xüsusi önəm vermiş, ölkə əhəmiyyətli tədbirlərdə, davamlı və dayanıqlı layihələrdə aktiv iştirak edərək öz töhfəsini verməkdədir.
Bu tədbirlər çərçivəsində ABA-ya üzv təşkilatların (26 bank və 5 bank olmayan kredit təşkilatı) əməkdaşları adından Türkiyənin yanğından zərər görmüş meşə fondunun bərpası və yanğının fəsadlarının aradan qaldırılması məqsədi ilə Türkiyə Banklar Birliyi vasitəsilə Türkiyənin “Ormancılığı Geliştirme ve Orman Yangınları ile Mücadele Hizmetlerini Destekleme Vakfı”na ümumilikdə 102 846 ədəd ağac tingi göndərilmişdir.