Vergi Məcəlləsinə edilən dəyişikliklərlə bağlı sualları cavablandıran Vergilər Nazirliyi pərakəndə ticarətlə məşğul olan şəxslərin vergi güzəşti ilə bağlı sualına aydınlıq gətirib və misallarla izah edib.
FED.az xəbər verir ki, sual pərakəndə ticarətlə məşğul olan fərdi sahibkarların nağdsız ödənişləri tətbiq etdiyi halda alacağı güzəştlərlə bağlı olub:
Sual: Fərdi sahibkar kimi gəlir vergisinin ödəyicisi olaraq VÖEN almışam və mağaza işlədirəm. Eşitdiyimə görə, Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən, satış əməliyyatlarının nağdsız qaydada aparılması halında, 2019-cu ildən müəyyən güzəştlər nəzərdə tutulur. Bu güzəştlər hansılardır?
1 yanvar 2019-cu il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət fəaliyyəti ilə məşğul olan gəlir vergisinin ödəyicisi olan fərdi sahibkar tərəfindən büdcəyə ödənilməli olan gəlir vergisinin məbləği 2019-cu il yanvarın 1-dən 3 il müddətinə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi gəlirdəki xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25:%-i həcmində azaldılır.
Əsas: Vergi Məcəlləsi, 102.1.24-cü maddə