Əmanətlərin Sığortalanması Fondu (ADİF) 2020-ci ilin aprel-may aylarında müflis elan olunan “Atabank”, “Amrah Bank”, “AGBank” və “NBC Bank” ASC-lərin 24 min 531 qorunan əmanətçisinə 628,4 milyon manat kompensasiya ödəyib.
Bu barədə FED.az-a Fonddan məlumat verilib.
Həmin məbləğ banklar üzrə qorunan əmanətçilərə ödəniləcək ümumi kompensasiyanın 93,8 faizini təşkil edir.
Belə ki, “Atabank” ASC üzrə 9 min 791 əmanətçi 243 milyon 823,7 min manat, “Amrah Bank” ASC üzrə 5 min 812 əmanətçi 140 milyon 66,2 min manat, “AGBank” ASC üzrə 4 min 707 əmanətçi 113 milyon 184,1 min manat, “NBC Bank” ASC üzrə isə 4 min 221 əmanətçi 131 milyon 295,8 min manat kompensasiya alıb.
“Atabank” və “Amrah Bank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsinə 1 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə 35 filialda ödənilir.
“AGBank” və “NBC Bank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsinə isə 16 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin adlı debet kartları vasitəsilə 20 filialda ödənilir.
“Əmanətlərin sığortalanması haqqında” qanuna əsasən, ADİF əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.