“Vijr Fond Azərkredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) müflis elan edilməsi ilə bağlı məhkəməyə müraciət edib.
FED.az xəbər verir ki, bu barədə BOKT-dan bildirilib.
Məlumatda deyilir ki, Azərbaycan manatının 2015-ci ildəki devalvasiyasından sonra kredit ödənişlərinin gecikməsi “Vijn Fond Azərkredit”ə kreditorları qarşısında öhdəliklərini vaxtında yerinə yetirməyə mane olub.
“Müflisləşmə və iflas haqqında” qanuna əsasən, bu halda iflas prosesinə başlanılmalıdır. Odur ki, BOKT-un İdarə Heyəti fevralın 8-də məhkəməyə müraciət edib. Bu müraciətə hüquqi qiymətin verilməsi artıq yalnız məhkəmənin səlahiyyətinə aiddir”, - deyə maliyyə qurumundan verilən açıqlamada qeyd olunub.
Xatırladaq ki, “Vijn Fond Azərkredit” 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 303 867 manatdır. BOKT-un təsisçiləri ABŞ-ın “Vision Fund İnternational” təşkilatı (52%), Lüksemburqun “Rural Impulse FUND II S.A., SICAV-SIF” təşkilatı (24%) və Niderlandın “ASN Belegginsinstellingen Baheer B.V.” təşkilatıdır (24%).
“Vijn Fond Azərkredit”in 2016-cı ilin yekunu ilə bağlı açıqladığı maliyyə hesabatına əsasən, BOKT-un öhdəlikləri aktivlərini üstələyib.