Bu gün Bakı Fond Birjasında (BFB) “MET-AK” MMC-nin faizli, sənədsiz, adlı, təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir.
Emissiyanın həcm 2 000 000 AZN olmaqla, hər birinin nominal qiyməti 1000 AZN olan 2000 ədəd istiqrazdan ibarətdir. İstiqrazların tədavül müddəti 1 il (365 gün), faiz dərəcəsi (illik) 14 %, faiz gəlirinin ödəniş müddəti 3 aydan birdir (90 gün).
“MET-AK”ın nə üçün kapital bazarları vasitəsilə borc aldığı məlum olub. Cəlb ediləcək vəsait banklardan alınmış kreditlərin bağlanmasına da sərf oluna bilər.
“Hazırda müəssisənin likvidlik mövqeyi kifayət qədər sağlamdır. İstiqraz təklifinin əsas məqsədlərindən biri ağır şərtlər ilə və baha təklif olunan yerli bank kreditlərinə alternativ yaratmaq, faiz xərclərini aşağı salmaq, rentabelliyi artırmaq və qiymətli kağızlar bazarının fəal iştirakçılarından birinə çevrilməkdir. Mümkün variant var ki, istiqraz buraxılması vasitəsilə banklardan müəssisə üçün əlverişsiz sayılan faizlərlə götürülmüş kreditlər bağlansın”,- Şirkətin məlumatında deyilir.
“MET-AK” MMC yerli “Unibank” və “Yapı Kredi Bank Azərbaycan”dan kredit götürüb. 2016-cı ilin sonuna olan məlumata görə, şirkətin bu 2 banka 10,7 milyon manat borcu olub. Kredit “Unibank”dan illik 17%, “Yapı Kredi Bank Azərbaycan”dan isə 8,8% dərəcəsi ilə cəlb edilib.
Ötən ilin sonunda Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) "METAK" şirkətinə yerli valyutada 8 milyon avro (hazırda 16 milton manatdan çox) ekvivalentində kredit ayırıb.