Auditorlar Palatası, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən auditor təşkilatlarının və onların tərkibində fəaliyyət göstərən auditorların 2018-ci il 31 yanvar tarixinə olan Siyahısında qeyd edib ki, “KPMG Azərbaycan limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin fəaliyyəti 16.01.17-ci il tarixli ərizəyə əsasən müvəqqəti olaraq dayandırılıb.
“KPMG Azərbaycan”dan bildirilib ki, şirkətə aid qeyd olunan məlumatlar qeyri-dəqiqdir və oxucularda çaşqınlıq yaradır:
“Bununla bağlı, müzakirə etdiyiniz mövzu ilə bağlı dəqiq məlumatları sizin diqqətinizə çatdırırıq. “KPMG Azerbaijan Limited” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi fəaliyyətini dayandırmayıb və dayandırmağı planlaşdırmır. Bir il öncə, biz könüllü olaraq, bütün auditor xidmətlərinin digər hüquqi şəxs – “KPMG Audit Azərbaycan” MMC tərəfindən göstərilməsini təmin etmək məqsədilə, “KPMG Azerbaijan Limited” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin auditor fəaliyyəti üçün lisenziyasının dayandırılması üçün Azərbaycan Respublikasının Auditorlar Palatasına müraciət etmişik. Bu bizim biznes-proseslərimizin optimallaşdırması çərçivəsində həyata keçirilib və bu prosesin arxasında başqa səbəblər mövcud deyildir. Əlavə olaraq qeyd etmək istərdik ki, “KPMG Azerbaijan Limited” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin auditor fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyası Auditorlar Palatası tərəfindən geri çağırılmayıb.
"KPMG Azərbaycan" dedikdə, Azərbaycan Respublikasının qanunvericiliyi müvafiq olaraq təsis edilmiş “KPMG Audit Azərbaycan” MMC və Hernsi qanunvericiliyinə müvafiq olaraq təsis edilmiş, Azərbaycan Respublikasında Nümayəndəliyi vasitəsilə fəaliyyət göstərən və İsveçrə şirkəti olan “KPMG International Cooperative” (“KPMG International”) müstəqil üzv şirkətlər şəbəkəsinin üzvü olan “KPMG Azerbaijan Limited” şirkəti nəzərdə tutulur”.