Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) "Dəmirbank” ASC-nin ləğvetmə prosesi ilə əlaqədar Beynəlxalq Kreditorlar Qrupunun Rəhbər Komitəsinə müraciət edib. Məqsəd ləğvetmə prosesini daha şəffaf, effektiv və beynəlxalq təcrübəyə uyğun həyata keçirməkdir.
Qeyd edək ki, Palatanın Direktorlar Şurasının 2017-ci il 22 dekabr tarixli qərarına əsasən “DəmirBank” ASC-nin lisenziyası dekabrın 23-dən etibarən ləğv edilib. Palata bu qərarı bankın məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş məcmu kapitalının minimum miqdarından və məcmu kapitalın adekvatlıq əmsalının qanunvericiliklə nəzərdə tutulmuş 3 (üç) faizdən az olduğuna, eləcə də kreditorları qarşısında olan öhdəliklərini yerinə yetirə bilmədiyinə görə “Banklar haqqında” qanununun 16.1.6-16.1.8-ci maddələrinə əsasən qəbul edib.
Xatırladaq ki, "Dəmirbank" ASC 1989-cu ildə "Azərdəmiryolbank" adı ilə yaradılıb, 2009-ci ildə rebrendinq aparılıb. 2017-ci ilin 30 sentyabr tarixinə olan maliyyə göstəricilərinə əsasən bankın səhmlərinin 25%-i Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), 10%-i Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO), 0,25%-i digər hüquqi şəxslər, 19,62%-i Rəhman Hacıyevə (Müşahidə Şurasının sədri), 9,65%-i Əsabəli Hacıyev, 5,45%-i Roman Əmircanov, 5,30%-i Səkinə Hacıyeva, 5,30%-i Könül Hacıyeva, 45,13%-i isə 810 fiziki şəxsə məxsus olub.
apa.az