Azərbaycanda yeni yaradılmış ilk özəl kredit bürosunun yaxın günlərdə işə başlaması nəzərdə tutulub. Bu barədə FED.az-a büronun Baş Direktoru Elçin Həbibov bildirib. Onun sözlərinə görə, hazırda kredit təşkilatları ilə müqavilələrin bağlanması prosesinə başlanıb və müqavilə şərtləri dəqiqləşdirilir.
E.Həbibov bildirib ki, kredit bürosu 8 bank tərəfindən təsis edilsə də, onun imkanlarından hamı yararlanacaq: «Buraya məlumatı bütün kredit təşkilatlatları göndərəcək və eyni zamanda buradakı məlumatlardan istifadə edəcəklər». Gələcəkdə isə mərhələlik olaraq kredit bürosuna digər müəssisə və təşkilatlar da qoşulacaq.
Xatırladaq ki, özəl kredit bürosuna banklardan kredit götürən müştərilər, onların bu kreditləri hansı intizamla qaytarması barədə məlumatlar toplanacaq. Banklar da kredit verərkən müştərinin etibarlığını yoxlamaq üçün bu məlumatlardan istifadə edəcək və risklərini tənzimləyəcəklər. Azərbaycanda borclular (yəni bank müştəriləri) və onların kreditləri necə qaytarması barədə məlumatlar indiyədək Mərkəzləşmiş Kredit Reyestrində (MKR) toplanırdı. MKR əvvəl Mərkəzi Bankın, sonra isə Maliyyə Bazarlarına Nəzarət Palatasının tərkibində fəaliyyət göstərib. Yeni yaradılan Kredit bürosunun fəaliyyəti MKR-dən fərqlənəcək.
Belə ki, MRK-a yalnız bank və bank olmayan kredit təşkilatları daxil idi. Yəni burada yalnız həmin təşkilatlardan kredit götürən şəxslər və onların ödənişləri barədə məlumatlar toplanırdı. Banklar da bundan istifadə edərək hər bir müştərinin ödəmə qabiliyəti və etibarlığını yoxlaya bilirdilər. Özəl Kredit Bürosunun fərqi isə ondan ibarət olacaq ki, burada banklarla yanaşı, kredit verən digər qurumlar, məsələn, banksız, daxili kreditlə mal (məsələn, telefon, mebel, məişət və elektrik əşyaları) satan mağaza və ticarət şəbəkələri, eləcə də mobil operatorlar və kommunal xidmətlər qoşula biləcəklər. Yəni kredit bürosunda müştərilərin həmin sahələr üzrə ödənişlərini hansı intizamla həyata keçirdiyi də məlum olacaq. Nəticədə müştərilərin etibarlı olub olmadığı bütün sistemə məlum olacaq. Bu da onunla nəticələnəcək ki, istənilən mebel və ya telefon mağazası (əgər bu mağaza Kredit Bürosuna qoşulubsa) hər hansı müştərinin real vərdişlərini bilərək ona əşya satıb-satmamaq barədə qərar verəcək. Başqa sözlə, kredit bürosunun yaradılması bank müştərilərini daha intizamlı və öhdəliklərini daha ciddi yerinə yetirməyə sövq edəcək.
Krediti yaxşı qaytarmayana telefon da satılmayacaq
09:16
5 Fev 2018