İpoteka və Kredit Zəmanət Fondu ölkə sahibkarlarının banklardan götürdüyü biznes kreditləri üçün zəmanət verilməsinə və subsidiyaların ödənilməsinə başlayıb. Bu barədə FED.az-a Fonddan bildirilib.
Qeyd edək ki, İpoteka və Kredit Zəmanəti fondu ölkədə maliyyə vəsaitlərinə çıxışı artırmaq və kreditlərə zəmanət verilməsi mexanizmini daha da təkmilləşdirmək üçün prezident İlham Əliyevin 25 dekabr 2017-ci il tarixli Fərmanı ilə yaradılıb. Eyni fərmanla Fond tərəfindən sahibkarlıq kreditlərinə zəmanətlərin və faiz subsidiyalarının verilməsini tənzimləyən qaydalar da təsdiq edilib.
Qaydalara əsasən, zəmanət veriləcək kreditlərin məbləği 30 min manatdan başlayaraq 5 milyon manatadək, bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə isə 10 milyon manatadək təşkil edir. Eyni zamanda, zəmanət verilmiş kreditlərin müddətindən asılı olaraq Fond tərəfindən 8 və 10% miqdarında illik faiz subsidiyası ödənilir.
Fonddan FED.az-a bildirilib ki, ötən dövr ərzində Fondun zəmanət və subsidiya mexanizminin tətbiqi üzrə bütün normativ-hüquqi baza yaradılıb, təşkilati və struktur məsələləri həll edilib. Artıq 13 bank müvəkkil qismində əməkdaşlığa cəlb olunub və oktyabr ayından etibarən Fondun zəmanəti ilə sahibkarlara kredit verilməsinə başlanılıb. İndiyədək iş adamlarına 17 milyon manat məbləğində kredit verilib: «Sahibkarların zəmanət və subsidiya alınması ilə bağlı müvəkkil banklara müraciətlərində sürətli artım müşahidə edilir»-deyə fonddan bildirilib.
Hazırda Fond tərəfindən sahibkarlıq kreditlərinə çıxış imkanlarının sadələşdirilməsi, kredit almaq istəyən şəxslər üçün bərabər şəraitin yaradılması, müraciətlərə baxılması zamanı şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə zəmanətin və faiz subsidiyasının verilməsi prosesinin avtomatlaşdırılması sistemi yaradılır.
Elektron sistemin növbəti ilin ikinci rübündə istifadəyə verilməsi gözlənilir.
Fonddan bildirilir ki, hazırda dövlətin göstərdiyi subsidiya dəstəyi və maliyyə risklərinin dövlət, banklar və sahibkarlar arasında bölüşdürülməsi mexanizminin tətbiq olunması real sektorla maliyyə sektoru arasında iqtisadi tarazlığın formalaşmasına və bankların qeyri-neft sektoruna maliyyə axınının güclənlməsinə əlavə imkanlar yaradacaq.
Beynəlxalq təcrübə göstərir ki, kredit zəmanət sxemləri kiçik və orta biznes sahəsində maliyyələşdirməni asanlaşdırır və kredit risklərinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olur. Bu baxımdan zəmanət mexanizmləri uğurla tətbiq olunan dövlətlərin təcrübələri araşdırılır və əməkdaşlığın qurulması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.
Fond ölkə sahibkarlarını bu imkandan istifadə etməyə çağırıb: «Qaydalara uyğun olaraq, qeyri-neft sektorunda fəaliyyət göstərən və bu məhsullara potensial ehtiyacı olan sahibkarların kredit zəmanətləri mexanizmi çərçivəsində dövlətin verdiyi faiz subsidiyasından yararlanmaları üçün müvəkkil banklara kredit sifarişi ilə müraciət etməsi tövsiyə olunur».
Müvəkkil banklar tərəfindən hər bir sahibkarın müraciətinə operativ baxılır, bütün lazımi məsləhət və informasiya dəstəyi göstərilir, tətbiq olunan mexanizmin üstünlükləri və sahibkarların əldə edəcəyi fayda barədə ətraflı məlumatların verilməsi təmin edilir.
Bununla yanaşı, sahibkarlar zəmanət və subsidiya verilməsi qaydaları, tələb olunan sənədlər, müvəkkil bankların siyahısı və digər lazımi məlumatları daha ətraflı Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun rəsmi internet səhifəsindən də əldə edə bilərlər (www.mcgf.az).