Azərbaycanda vətəndaşlar öz kredit tarixçələrini istədikləri vaxt, evdən və ya ofisdən çıxmadan öyrənə bilərlər. Bir qədər əvvəl Azərbaycan Kredit Bürosunun istifadəyə verdiyi rəqəmsal məhsul - Findoc.az portalı buna imkan verib. Qısa müddət keçməsinə baxmayaraq artıq portalın xidmətindən minlərlə insan istifadə edir.
FED.az maliyyə xəbərləri portalı Findoc.az portalı, onun imkanları və digər yeniliklərlə bağlı Azərbaycan Kredit Bürosunun baş direktoru Elçin Həbibovun müsahibəsini təqdim edir.
- Elçin müəllim, Kredit Bürosu ötən ay yeni xidməti olan Findoc.az portalını istismara vermişdir. Portalla bağlı ətraflı məlumat verə bilərsinizmi?
- Findoc.az portalı (Portal) Azərbaycan Kredit Bürosunun (Büro) ilk biznesdən müştəriyə (B2C) formatında hazırlanmış rəqəmsal məhsuludur. Bildiyiniz kimi, Büro, indiyə qədər öz ənənəvi müştəriləri olan banklar, bank olmayan kredit təşkilatları, kredit ittifaqları, digər maliyyə insitutları və nisyə mal alqı-satqısı ilə məşğul olan xidmət müəssisələri ilə məlumat mübadiləsini həyata keçirir və müvafiq təşkilatlar üçün müxtəlif həllər təklif edirdi. Qeyd edilən xidmətlərlə yanaşı, Büro cari ildən etibarən vətəndaşların öz məlumatlarına çıxış imkanlarının artırılması məqsədilə 7/24 əsaslarla fəaliyyət göstərən elektron kredit tarixçəsi Portalını istifadəyə verdi.
Qabaqcıl beynəlxalq təcrübə əsasında hazırlanmış Findoc.az portalı Büronun məlumat bazası ilə inteqrasiya olunaraq, şəxslərin özləri barədə toplanmış bütün borc məlumatlarına çıxış imkanı əldə etdiyi vahid platformadır. Portalın hal-hazırda təklif etdiyi xidmətlər arasında kredit hesabatına baxış, skor hesabatına baxış, kredit hesabatının PDF formatında əldə edilməsi, kredit hesabatının Asan İmza ilə imzalanmış formada əldə edilməsi, kredit hesabatının Büronun rəsmi emailindən digər e-mail ünvanına yönləndirilməsi mövcuddur.
Kredit tarixçəsi və skor hesabatı istifadəçilərə il ərzində iki dəfə ödənişsiz təqdim edilir.
- Portalda qeydiyyatdan keçmək üçün hara müraciət etmək lazımdır?
- Ümumilikdə, Portalda qeydiyyat tamamilə elektron qaydada, istifadəçinin özü tərəfindən aparılır. Sistemdə ilkin qeydiyyat Asan loqin və ya ASAN imza, növbəti mərhələ olan razılıq ərizəsinin imzalanması isə gücləndirilmiş elektron imza olan ASAN imza və ya SİMA vasitəsilə aparılır. Qeydiyyat prosesi və razılığın imzalanması tam onlayn qaydada və məsafədən həyata keçirilir.
Kifayət qədər rahat və məsafədən həyata keçirilə bilən olmasına baxmayaraq, qeydiyyat prosesini fiziki olaraq həyata keçirmək istəyən vətəndaşlarımıza da 1 saylı Bakı “ASAN Kommunal” mərkəzində müvafiq imkan yaradılmış, bu məqsədlə Büronun xidmət pəncərələrinin sayı artırılmışdır.
Nəzərinizə çatdırım ki, bu günə qədər Portalda qeydiyyatdan keçən istifadəçilərin sayı 16 min nəfəri ötmüşdür.
- Qeyd etdiniz ki bəzi xidmətlər ildə iki dəfə ödənişsiz olaraq təqdim edilir. Bəs həmin limit bitdikdən sonra istifadəçilər müvafiq xidmətlərdən necə yararlana bilərlər?
- Ödənişsiz sorğu limiti bitdikdən sonra göstərilən xidmətlərdən yararlanmaq üçün hər bir məhsul üzrə fərdi qaydada ödəniş və ya daha sərfəli olan abunəlik paketlərindən istifadə imkanı mövcuddur. Şəxslər istifadə intensivliyinə uyğun olaraq fərdi xidmətlərdən yararlana və ya özlərinə uyğun abunəlik paketlərindən (Standart və ya Gümüş) istifadə edə bilərlər. Müvafiq qiymət siyasəti barədə ətraflı məlumat Portalda yerləşdirilmişdir. Ödənişlər Portal üzərindən kart vasitəsilə həyata keçirilir.
- Kredit Bürosu ümumilikdə neçə təşkilatla əməkdaşlıq edir və kredit hesabatında hansı öhdəliklər əksini tapır?
- Cari dövrdə Büro ilə əməkdaşlıq edən təşkilatların sayı 207-ə yüksəlmişdir və bu say mütəmadi olaraq artmaqda davam edir. Qanuna uyğun olaraq kredit təşkilatlarının icbari qaydada digər təşkilatların isə könüllü qaydada Büroya üzvlüyü mövcuddur.
Findoc-da qeydiyyatdan keçmiş şəxslər bank, BOKT, o cümlədən, ləğv prosesində olan bank və BOKT-lərdə, kredit ittifaqlarında olan bütün öhdəlikləri haqqında məlumatı əldə edirlər. Bununla yanaşı ölkədə fəaliyyət göstərən 16 hissəli satış şəbəkəsi Büro ilə əməkdaşlıq edir və müvafiq məlumatlar da kredit hesabatında əks olunur. Büro bütün üzv təşkilatlarının siyahısını rəsmi saytında yerləşdirir və mütəmadi yeniləyir.
- Kredit Bürosuna üzv olmaq istəyən təşkilatlar üçün əməkdaşlıq şərtləri necədir?
- Büronun bütün təşkilatlarla əməkdaşlıq şərtləri eynidir və Müşahidə Şurası tərəfindən təsdiqlənən qayda ilə tənzimlənir.
Yeni qoşulan təşkilatlar Qanunun tələbinə müvafiq olaraq, ilk növbədə öz məlumatlarının Büro sisteminə inteqrasiyasının təmin etməlidirlər. Bununla bağlı Büro tərəfindən texniki sənədlər, test mühit və detallı konsultasiya təqdim edilir.
Təşkilatlar tərəfindən təqdim ediləcək məlumatlar Büronun sisteminin tələblərinə cavab verdikdən sonra müvafiq müqavilə imzalanır və məlumat mübadiləsinə başlanılır.