Azərbaycan Kredit Bürosu (Büro) 06 mart 2018-ci il tarixindən etibarən kredit tarixçələrinin realizasiyasına başlamışdır. Ötən ilin yekunlarına əsasən Büro ilə müqavilə imzalamış təşkilatların sayı 120-yə çatıb.
Bu, Azərbaycan Kredit Bürosundan FED.az-a daxil olmuş məlumatda bildirilir.
Məlumatda qeyd edilib ki, 2018-ci il ərzində Büronun sistemindən 30 bank və 38 BOKT istifadə etmişdir. Qeyd olunan müddətdə Büroda banklar və BOKT-lar tərəfindən 1,845,147 sorğu həyata keçirilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə kredit təşkilatları tərəfindən həyata keçirilmiş sorğuların sayından 70 faiz çoxdur. Qeyd edək ki, 2017-ci ilin müvafiq dövründə anoloji sistemdən kredit təşkilatları tərəfindən 1,080,463 sorğu yerinə yetirilib.
Büroda aparılmış sorğuların 1,651,065-i banklar, 194.082-i isə bank olmayan kredit təşkilatları tərəfindən həyata keçirilib.
Ötən dövr ərzində Büro tərəfindən 5 xidmət istismara verilmişdir ki, bunlar da kredit hesabatları, kredit skorinqi, arxiv sorğuları, mobil və kommunal xidmət hesabatlarıdır.
Qeyd olunan dövr ərzində 12,659 nəfər şəxs öz kredit hesabatlarını əldə etmək məqsədi ilə Büroya müraciət etmişdir. Müraciət etmiş şəxslərin 12,573-ü fiziki, 86-sı isə hüquqi şəxslər olub.