Pandemiyanın Azərbaycanda daxili iqtisadi aktivliyə neqativ təsirləri may-iyun aylarında davam edib. Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən real sektor müəssisələrinin monitorinqi göstərir ki, qeyri-neft sənayesi, tikinti, ticarət və xidmət sahələri üzrə biznes inam indeksi may ayında neqativ zonada olub.
Eləcə də bax: Mərkəzi Bank uçot dərəcəsini - AZALTDI
FED.az xəbər verir ki, bu barədə AMB-dən bildirilib.
Bankdan verilən məlumata görə, cari ilin 5 ayında rəsmi statistikaya görə iqtisadiyyatın baza sahələrində (qeyri neft-qaz sənayesi və kənd təsərrüfatı) iqtisadi artım davam edib: "Məcmu tələbin bütün komponentlərində azalma qeydə alınıb. Yanvar-may aylarında pərakəndə ticarət dövriyyəsi ötən ilin eyni dövrünə nəzərən 1,7%, o cümlədən əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 14,9% azalıb. Qeyri-neft sektoruna investisiya qoyuluşları 16,7% azalıb. Hökumətin sosial xərclər üzrə öz öhdəliklərini tam yerinə yetirməsi və əlavə dəstək tədbirləri, sinxronlaşdırılmış makroprudensial tədbirlər iqtisadi aktivliyin daha çox azalmasının qarşısını alır, iqtisadi subyektlərin gəlirlərindəki itkiləri qismən kompensasiya etməyə imkan verir".
Bildirilir ki, ötən toplantıdan keçən müddətdə likvidlik və kreditləşdirmə şəraitinə pul siyasəti qərarları ilə yanaşı vahid xəzinə hesabından həyata keçirilən dövlət büdcəsi xərcləri, əhalinin və biznesin dəstəklənməsi üçün tətbiq olunan tənzimləyici güzəştlər təsir göstərib.
"Valyuta bazarında vəziyyət may ayında da sabit olaraq qalıb. Mərkəzi Bank tərəfindən keçirilən hərraclarda təklif tələbi üstələyib, tələb başlıca olaraq idxalla əlaqədar olub. Azərbaycanın başlıca ticarət tərəfdaşı olan ölkələrin valyuta bazarlarında vəziyyətin stabilləşməsi manatın nominal və real effektiv məzənnələrinin dinamikasının stabilləşməsi ilə müşayiət olunur. Pul bazası aprel ayının sonundan bəri 8% artıb, ilin əvvəlindən bəri isə 10,6% azalıb".
Məlumata əsasən, Mərkəzi Bankın pul siyasəti alətləri faiz dəhlizi parametrləri çərçivəsində tətbiq olunub. Depozitlərin cəlbi və qısamüddətli notların yerləşdirilməsi üzrə Mərkəzi Bankın təşkil etdiyi hərraclarda tələbin təklifi üstələməsi müşahidə olunub, bu alətlər üzrə gəlirlik faiz dəhlizinin aşağı həddinə yaxınlaşıb.
"Manatla yeni əmanət və depozitlər, habelə yeni kreditlər üzrə son ayda faiz dərəcələri fiziki və hüquqi şəxslər üzrə fərqli istiqamətlərdə dəyişib. İyun ayının 1-dən başlayaraq manatla sığortalanan əmanətlər üzrə maksimal faiz dərəcəsinin yüksəlməsinin de-dollarlaşma proseslərinə müsbət təsir göstərəcəyi gözlənilir. Əhali və biznesin dəstəklənməsi istiqamətində həyata keçirilən tədbirlər, o cümlədən kreditlərin restrukturizasiyası üzrə müraciətlərin icrası, faizlərin subsidiyalaşdırılması və zəmanət dəstəyinin genişləndirilməsi pandemiya şəraitində kreditləşmə şərtlərinin yumşalmasına imkan verir", - AMB-dən bildirilib.