Əhalinin sosial cəhətdən həssas qruplarının sosial müdafiəsinin gücləndirilməsi və sosial təminat xərcləri üçün dövlət büdcəsindən 4 milyard 873 milyon manat vəsait ayrılması nəzərdə tutulub.
FED.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, ünvanlı dövlət sosial yardımın verilməsinə 465 milyon manat, keçmiş məcburi köçkünlərin sosial müdafiəsinə 285 milyon manat vəsait ayrılacaq. Valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş, keçmiş məcburi köçkün statusu olan, ölkənin suverenliyi, ərazi bütövlüyü uğrunda həlak olmuş, əlil olmuş şəxslərin övladları olan, “Müharibə veteranı” adı almış, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş, şəhid ailəsinin üzvü olan, eləcə də peşə təhsili müəssisələrində 20 yaşına çatmamış və orqanizmin funksiyaları 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı şəxslər olan (18,5 min nəfər) tələbələrin müvafiq olaraq təhsil və təqaüd xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsinə 41,8 milyon manat xərclənəcək.










