Bu gün İtaliyanın bir çox yerində - məktəblərdə, dövlət idarələrində, ictimai nəqliyyatda ictimai həyat, çox güman ki, dayanacaq. Həmkarlar ittifaqları büdcə qanununa qarşı tətil çağırışı ediblər, çünki onlar bunu yersiz və ədalətsiz hesab edirlər.
FED.az xəbər verir ki, 2026-cı il üçün büdcə qanunu layihəsi güclü müqavimətlə qarşılaşır.
İtaliyanın ən böyük həmkarlar ittifaqı olan CGIL-in baş katibi Maurizio Landininin sözlərinə görə, bu tətil insanların, xüsusən də dolanışığını işlə təmin edənlərin həyatında real dəyişikliklərə nail olmaq məqsədilə təşkil edilib. Həmkarlar ittifaqı əməkhaqqının artmasının lehinə çıxış edir. “Biz səhiyyə və təhsilə investisiya qoyulmasını tələb edirik”, - deyə Landini bildirib. - Biz bu ölkədə mövcud olmayan sosial ədalətin bərpası üçün lazımi tədbirlərin görülməsini tələb edirik”.
İtaliyada əməkhaqqı Avropa İttifaqının orta göstəricisi ilə müqayisədə aşağıdır. Bu, qismən onunla bağlıdır ki, ölkədə minimum əməkhaqqı yoxdur - alıcılıq qabiliyyəti illərdən bəri durğunluq içindədir.
Büdcə təqdimatı zamanı İtaliyanın Baş naziri Ciorcia Meloni səhiyyə sektoruna investisiyaların artırılmasından və orta gəlirli əhali üçün vergilərin azaldılmasından da bəhs edib. Bu tədbirlər həmkarlar ittifaqları və ekspertlər tərəfindən səmərəsiz hesab olunaraq tənqid edilib.
Buna baxmayaraq, İtaliya hazırda maliyyə siyasətini təkmilləşdirmək üçün güc alır. Noyabr ayında “Moody's” reytinq agentliyi 23 ildən sonra ilk dəfə ölkənin reytinqini yüksəldib, bu isə İtaliyanın hazırda kreditə bir qədər daha yararlı hesab edildiyini, borcu müəyyən edilmiş limitlər daxilində qaldığını və ölkənin siyasi cəhətdən sabit hesab edildiyini göstərir.
Hökumətin büdcəsi status-kvonu qorumaq üçün hazırlanıb. Həmkarlar ittifaqının lideri Landini onu əhalinin rifahını yaxşılaşdırmaq deyil, yalnız mövcud vəziyyəti saxlamaq məqsədi güddüyünə görə tənqid edir. (Azərtac)










