Gələn il işsizliyə görə sığorta ödənişi almaq hüququ olan şəxslərin dairəsi genişləndiriləcək.
Müddətli əmək müqaviləsi ilə çalışanlar işsizlik sığortası - ALA BİLƏCƏK
FED.az xəbər verir ki, bunu Milli Məclisdə “2024-cü il üzrə Dövlət Sosial Müdafiə Fondunun büdcəsi haqqında” Qanun layihəsinin müzakirəsi zamanı parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
O qeyd edib ki, torpaq payı olan vətəndaşlar üçün belə hüququn yaradılması, sığorta stajı barədə tələbin yumşaldılması, yeni xitam əsasının yaradılması və s. yeniliklərin tətbiq edilməsi işsizliyə görə sığorta ödənişi xərc maddəsinin dairəsinin 30%-ə qədər artmasını nəzərdə tutur.
“Cari illə müqayisədə 2024-cü ildə işsizliyə görə sığorta ödənişləri xərclərinin 4 milyon manat, yaxud 26,6 %, peşə hazırlığı və əlavə təhsilin təşkili xərclərinin 13 milyon manat, yaxud 37%, sosial iş yerlərində işçilərin əmək haqlarının bir hissəsinin ödənilməsi xərclərinin 2 milyon manat, yaxud 50% artırılması, özünüməşğulluq tədbirlərinin maliyyələşdirilməsi xərclərinin 14,5 milyon manat, yaxud 16,6% azaldılması nəzərdə tutulur”, - deyə o əlavə edib.
Qeyd edək ki, 2024-cü ildə Fondun gəlirləri və xərcləri bərabər olmaqla 238 milyon manat nəzərdə tutulur ki, bu da cari ildəkindən 20,3 milyon manat, yaxud 9,3% çoxdur.
İşsizlikdən sığorta Fondunun gəlirlərinin 179,98 milyon manatı, yaxud 75,6%-i işsizlikdən sığorta haqları üzrə yığımın, 57,95 milyon manatı, yaxud 24,4%-i isə cari ilin sonuna qədər istifadə olunmamış vəsait hesabına formalaşacaq.
Gələn ildə işsizlikdən sığorta fondunun xərcləri 13 istiqaməti əhatə edəcəkdir. Xərclərin 30,7%-i özünüməşğulluq tədbirlərinin, 23,1%-i məşğulluq xidməti orqanının saxlanmasının, 18,9%-i sosial sahədə xidmətlərin əmək haqqının müştərək ödənilməsinin, 14,7%-i peşə hazırlığı və əlavə təhsilin təşkili xərclərinin maliyyələşməsinə yönəldiləcəkdir. (Trend)