İran hökuməti milli valyutanın denominasiyası haqqında qanun layihəsini qəbul edib
İran hökuməti milli valyutanın denominasiyasının dörd sıfırın götürülməsi ilə yeni layihəsini təsdiqləyib.
FED.az biznes və maliyyə xəbərləri portalı İran KİV-lərinə istinadən xəbər verir ki, bunu avqustun 12-də Tehranda keçirdiyi brifinqdə İran hökumətinin sözçüsü Fatimə Mohacerani bildirib.
Onun sözlərinə görə, 2007-ci ildən bəri ölkədə denominasiya üçün müxtəlif addımlar atılıb, digər ölkələrin təcrübəsi öyrənilir. Mohacerani qeyd edib ki, Nazirlər Kabinetinin Mərkəzi Bankın baş direktoru Məhəmməd Rza Fərzinin iştirakı ilə keçirilən iclasında layihənin icrası ilə bağlı müvafiq tapşırıqlar verilib.
Layihəyə əsasən, İranın milli valyutası rial denominasiya olunacaq – nəticədə bir yeni rial 10 000 cari riala bərabər olacaq. Bundan başqa, yeni rial 100 keranaya (qəpik kimi) bölünəcək. Əhalinin və cəmiyyətin yeni valyutaya öyrəşməsi üçün keçid dövrü köhnə və yeni valyutaların eyni vaxtda dövriyyədə olması nəzərdə tutulur.
Hökumət nümayəndəsi etiraf edib ki, son illər baş verən inflyasiya səbəbindən «milli valyuta praktiki olaraq yararsız hala düşüb». İndi pul islahatı layihəsini Məclis üzvləri (İran parlamenti) və Konstitusiyanın Keşikçilər Şurasının üzvləri təsdiq etməlidir.
Avqustun 4-də İran parlamentinin iqtisadi komitəsinin sədri Şəmsəddin Hüseyn milli valyutadan dörd sıfırın çıxarılacağını, milli valyutanın adının isə “rial” olaraq qalacağını bəyan edib.
Xatırladaq ki, İran son illər dəyərdən düşən milli valyutanın denominasiyası üzərində çoxdan düşünür. İran parlamenti hələ 2020-ci ildə İran valyutasının denominasiya edilməsinə qərar verimişdi. Qərara əsasən, İranın milli valyutasından dörd sıfır çıxarılmalı, “rial” adı isə “tümən” adlandırılmalı idi. Lakin bu qanun layihəsi İran Konstitusiyasının Keşikçilər Şurası tərəfindən təsdiqlənməyib. Müvafiq olaraq, rial rəsmi valyuta olaraq qalır.
Xatırladaq ki, denominasiya- pulun üzərindəki əlavə sıfırların çıxarılması və bununla da pul vahidinin rəsmi olaraq daha qiymətli olmasıdır. Bundan sonra qiymətlər, maaşlar, əmanətlər və bütün məbləğlər avtomatik olaraq daha kiçik rəqəmlərlə yenidən hesablanır, lakin pulun real alıcılıq qabiliyyəti dəyişmir.
Son məlumata görə, rəsmi məzənnələrə əsasən 1 ABŞ dolları 42 000 riala bərabərdir. Denominasiya qərarı qəbul edilsə, 1 ABŞ dolları 4,2 reala bərabər olacaq.
Xatırladaq ki, Azərbaycan da öz milli valyutasını 2006-cı ildə denominasiya etmişdi. Nəticədə 5 000 köhnə manat (AZM) 1 yeni manata (AZN) bərabər edilib.