Rusiyanın “Levada-Mərkəzinin” 2019-cu ilin yanvar ayında keçirdiyi sorğunun nəticələrinə görə, respondentlərin çoxu ölkənin “yanlış istiqamətdə irəlilədiyini” (45%) hesab edir. Sorğu iştirakçılarının 42 faizi isə bunun əksini düşünür. Sonuncu dəfə belə neqativ göstərici 2006-cı ildə qeydə alınıb.
“Komsomolski Pravda” nəşri yaranmış vəziyyəti Rusiyanın əslən azərbaycanlı iş adamı, “Krokus” şirkətinin prezidenti Araz Ağalarovla müzakirə edib.
- Araz İskəndər oğlu, sizcə, ölkə hansı kursla irəliləməlidir? Siz nələri dəyişərdiniz?
- Mən hər hansı radikal dəyişiklik təklif etməzdim, söhbət axı iqtisadiyyatdan gedir, iqtisadi problemlərdən...
- ... insanlardan, sayı azalmaq bilməyən yoxsullardan...
- Bütün bunları bir sözlə ümumiləşdirmək olar – iqtisadiyyat.
İstənilən iqtisadiyyatın təməlində sabitlik dayanır. Dəyişən parametrlər şəraitində siz heç vaxt heç nəyi öncədən proqnozlaşdıra, və ya layihələndirə bilməzsiniz.
İstənilən sabitliyin kökündə milli valyutanın məzənnəsi durur. Bizdə bununla bağlı daima dəyişişiklik baş verir. Gah 70-i vurub keçir, gah 65-ə qədər enir.
Demirəm ki, məzənnə konkret olan filan şəkildə olmalıdır. Ən vacibi odur ki, sabit olmalıdır. İndi məzənnə 66 həndəvərində dəyişir. Hər gün yarım faiz qalxır və düşür. Niyə?
Bizdə ticarət balansının müsbət saldosu var. Hər gün valyuta bazarından valyuta alırıq. Rublun məzənnəsinin sabitliyini nəzərə alıb bunu etmək olar. Belə olan halda məzənnə sabitliyinə inflyasiya, Mərkəzi Bankın uçot dərəcəsi, işçilərin maaşları da bağlı olur.
İndi isə maaşlar dəyərdən düşən rublun məzənnəsi ilə ayaqlaşmır. Ötən il rubl 15 faizdən çox dəyərini itirib. Bütün bunlar neqativ ab-hava yaradır.
- Adətən, sizə zəng edirəm və siz dərhal mənə neftin neçəyə satılacağını deyirsiniz. Dediyiniz kimi də olur. Dolların məzənnəsi ilə bağlı da eyni sözləri demək olar. Bu proqnozlarınız bizim hökumətin, Mərkəzi Bankın, hakimiyyətin vərdişlərinə söykənir?
- Xeyr. Biz hər il eyni şeyi görürük. Dekabr ayında rublun məzənnəsi düşür, Yeni ildən sonra onun məzənnəsi bir qədər möhkəmlənir. Gələn ilin sonunda da eyni hal müşahidə olunacaq. Bütün bunları proqnozlaşdırmaq mümkündür.
Sizin qızıl valtuya ehtiyatlarınız 470 milyard dollardır. İlin sonunda, rubl yüksəlməyə can atdıqda, onu saxlamaq lazım gələcək.
Təəssüflər olsun ki, bunu heç kim edən deyil. Elektrokardioqram edən zaman sağlam insanın nəbzi normal olur, sinusoidlər bərabər və təkrarlanan olur. Ancaq xəstə adamda qəribə titrəmələr müşahidə edilir. Ürək aydın olmayan şəkildə işləyir. Milli valyutanın məzənnəsi volatillik vəziyyətində qala bilməz. Bu kardioloji xəstə insanın adi tremorudur.
- Gəlin tremorun nə olduğunu izah edək?
- Bir “mişar” şəklindədir, bir növ ekranda xətlər irəli-geri qaçır, yerindən oynayır. İnsan özünü çox pis hiss edəndə ürək müxtəlif həyəcan siqnalları göndərir. Bizim iqtisadiyyatda da belə hal müşahidə olunur. Halbuki indiki göstəricilərlə, yəni 190 milyardlıq müsbət saldo ilə zirehli qatar kimi sarsılmaz ola bilərdi.
Hər şey ona uyğunlaşardı – həm maaşlar, həm məvaciblər, üstəlik, beynəlxalq investisiya da gələrdi. Çünki onlar 60 məzənnə ilə daxil olduqlarına və həmin məzənnə ilə çıxdıqlarına əmin olardırlar. Məzənnə sabit olsa, bizim banklarda depozit yatırımları (hazırda 7-8 faiz civarındadır), ilə bağlı təkliflər valyutada olacaq. Dünyanın hansı ölkəsində depozit əmanətə görə 7-8% faiz təklif olunur? Heç yerdə. Belə olan halda bizim depozitlərə pul yatırmaq istəyən xarici investorlar da ortaya çıxacaq. FBİ isə daha yaxşı satılacaq.
- FBİ nədir ki?
- Federal Borc İstiqrazları.
- Sizinlə söhbətdə insan az da olsa, nikbinləşir...
- Mənim təklifim belədir: heç nəyi dəyişmək, heç nə fikirləşib ortaya çıxarmaq lazım deyil. Sadəcə, çox bəsit düzəlişlər etmək lazımdır.
Türkəçarəçinin cərrahdan fərqi nədir? Cərralar kəsib atır, axırının nə olacağı bilinmir. Türkəçarəçi isə otların köməyilə ora-burasını düzəldir və hər şey qaydasına düşür. Mən türkəçarə reseptləri verirəm.